ÇıxışYolu.Com – Böyük “beşlik”də turun maraqlı oyunlarının icmalı

Baxış sayı: 2. 556 dəfə baxılıb.

ÇıxışYolu.Com - Böyük “beşlik”də turun maraqlı oyunlarının icmalı

Başa çatan həftə böyük “beşlik” ölkələrində bir-birindən maraqlı oyunlar baş tutdu.

ÇıxışYolu.Com ötən həftə keçirilən maraqlı oyunlardan xülasəni təqdim edir.

“Çelsi” – “Mançester Yunayted” 2:2

Bu oyun gözləniləndən də artıq dramatik baş tutdu. Stəmford Bric adına stadionda keçirilən görüşdə London təmsilçisi almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiqerin baş zərbəsindən vurduğu qolla hesabda önə keçsə də, fasilədən sonra “qırmızı şeytanların” fransalı futbolçusu Antoni Marsyalın dublu “Çelsi” azarkeşlərini şoka saldı.

Artıq hamı qonaqların qələbə qazandığını zənn etsə də, belə olmadı. Belə ki, Ros Barkli oyuna əlavə olunmuş dəqiqədə bərabərlik qolunu vurdu. Bundan sonra texniki zonada və meydanda nələr baş verdiyi haqda isə daha əvvəl sizləri məlumatlandırmışdıq.

“İnter” – “Milan” 1:0

İtaliya çempionatında, heç şübhəsiz ki, turun mərkəzi görüşü Milan derbisi idi. Baxmayaraq ki, hələ də “qırmızı-qaralar” özünə gələ bilməyib və son illər ancaq Avropa Liqasında çıxış etməklə kifayətlənir.

Oyuna gəlincə, yeddi sarı vərəqənin qeydə alındığı görüşdə bir qol vuruldu. Dünya çempionatına aparılmayan Mauro İkardi 90+2-ci dəqiqədə “İnter”ə əzəli rəqib üzərində qələbə qazandırdı. “Milan” yenə adına uyğun olmayaraq, 12 xalla XII pillədədir. “İnter” A Seriyasında ilk “üçlüy”ü tamamlayır.

“Barselona” – “Sevilya” 4:2

İlk “dördlük”də qərarlaşmış komandaların qarşılaşması maraqla gözlənilirdi. “Kamp Nou” stadionuna gələn azarkeşlər, doğrudan da, həmin maraqla gözlənilən oyunu izləyə bildi. Oyunda altı qol vuruldu. “Barselona”dan Filipe Koutinyo, Lionel Messi, Luis Suares və İvan Rakitiç qolları vuran futbolçular oldu.

Kataloniya təmsilçisi bu qələbə ilə liderliyini qoruya bildisə də, görüşün ilk dəqiqələri onlar üçün üzücü oldu. 12-ci dəqiqədə qol vuran Messi 26-cı dəqiqədə zədələnərək meydanı tərk etdi. Onun zədəsinin ciddi olduğu və oktyabrın 28-də “El Klasiko”da oynamayacağı artıq indidən bəllidir.

“Volfsburq” – “Bayern” 1:3

Son dörd görüşdə qalib gələ bilməyən və bununla da xorvat baş məşqçisi Niko Kovaçın yerinə fransız Arsen Venqerin gələcəyi şayiələrinə səbəb olan “Bayern” bu dəfə uğursuzluğa səfərdə son qoydu. Matçın qəhrəmanı dünya çempionatında bir qol belə vura bilməmiş Polşa millisinin hücumçusu Robert Levandovski oldu.

O, iki qol vurdu və üçüncü qolda kolumbiyalı Xames Rodriqesə məhsuldar ötürmə verdi. Ancaq hollandiyalı Aryen Robenin qırmızı vərəqə səbəbindən növbəti turu buraxacağı da Münhen təmsilçisini üzən faktlardandır. IV pillədə olan komandanı hazırda lider Dortmund “Borusiya”sından dörd xal ayırır.

PSJ – “Amyen” 5:0

PSJ Liqa 1-də on oyunda onuncu qələbəsini qazandı. Paris komandası bu görüşlərdən altısını böyükhesablı qələbə ilə əldə edib. Maraqlıdır ki, PSJ ötən tur “Lion”u da bu hesabla darmadağın etmişdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com