Tovuz rayonunda bayram günlərində silsilə oğurluqlar qeydə alınıb
ÇıxışYolu.Com ARB TV-yə istinadən xəbər verir ki, naməlum şəxslər evlərə qanunsuz daxil olaraq vətəndaşlara maddi ziyan vurublar.
Bayram günlərində qohum-qonşularına qonaq gedən Tovuz sakinləri geri qayıtdıqda evlərinin qarət olunduğunu görüblər. Belə hallara daha çox rayon mərkəzində rast gəlinib. Çağırılmamış qonaqlar şəhərin Nəriman Nərimanov küçəsində üç evdən oğurluq ediblər.
Gecə saatlarında həyətlərə və evlərə girən “qəhrəmanlar” müxtəlif məbləğlərdə pul, toyuq, cücə, hind quşu aparıblar.
“Beş canavar kimi itim vardı. Dərman verib onları öldürüb, evimi yarıblar. Evimin qapısını sındırıb giriblər, 150 cücəmi aparıblar”, – zərərçəkən Yazgül İsmayılova deyib.
Baş verən hadisələrlə bağlı Tovuz rayon polis şöbəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.