ÇıxışYolu.Com – DÇ-2018: Millimiz Tailanda uduzdu

Baxış sayı: 2. 046 dəfə baxılıb.

ÇıxışYolu.Com - DÇ-2018: Millimiz Tailanda uduzdu

Yaponiyada qadın voleybolçular arasında təşkil olunan dünya çempionatı davam edir. 

ÇıxışYolu.Com xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan millisi qrupun son görüşündə Tailandla üz-üzə gəlib.

Bu qarşılaşma yalnız turnir cədvəlindəki mövqe baxımından önəm daşıyırdı. Çünki buna qədər IV pillədə qərarlaşan yığmamız növbəti qrup mərhələsinə vəsiqəni təmin etmişdi.

Həmçinin Tailandın da mübarizəni davam etdirəcəyi dəqiq idi. Sadəcə, Faiq Qarayevin yetirmələri özlərindən bir pillə irəlidə olan rəqibi üstələmək niyyətində idi. Lakin bunun öhdəsindən gəlmək mümkün olmayıb.

Belə ki, millimiz 1:3 (22:25, 25:15, 19:25, 17:25) hesabı ilə məğlub olub. Millimizin hücumçusu Polina Rəhimova yenə hamıdan dəqiq oynayıb – 25 xal.

Qrupun digər görüşündə Cənubi Koreya autsayder Trinidad və Tobaqonu 3:0 məğlub edib. Bununla da komandamız altı xalla ilkin qrup mərhələsini IV yerdə tamamlayıb. Millimiz və Tailandla yanaşı, C qrupundan Rusiya və ABŞ mübarizəni növbəti qrup mərhələsində davam etdirəcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com