ÇıxışYolu.Com - Görüşüb birlikdə narkotik qəbul edirdik

ÇıxışYolu.Com – Görüşüb birlikdə narkotik qəbul edirdik

Baxış sayı: 3. 845 dəfə baxılıb.

ÇıxışYolu.Com - Görüşüb birlikdə narkotik qəbul edirdik

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin onlayn satışı ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri – Məhəmməd Əlizadə, Tural Əlizadə, Rafiq Yusubzadə Samir Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə həmin şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər. 

Sonra təqsirləndirilən T.Əlizadə ifadə verib. O, narkotik istifadəçisi olduğunu etiraf edib:

“Nə satışı, nə də hər hansı şəbəkə ilə əlaqəm olub. “Avrora” şirkətində mal paylayan işləmişəm. Məhəmmədlə dost olduğumdan onunla tez-tez görüşmüşəm, birlikdə narkotik qəbul etmişik”.

T.Əlizadənin sözlərinə görə, hadisə günü M.Əlizadə zəng edib, R.Yusubzadə ilə onu görüşə çağırıb:

“Məhəmməd Masazırda narkotik maddə götürəcəkdi. O, malı götürdü, lakin geri qayıtmadı. Bu zaman polislər məni tutub, idarəyə gətirdi”. 

T.Əlizadə qeyd edib ki, narkotiki Baba adlı şəxsdən alıblar:

“Onu şəhərdə hamı tanıyır, Türkiyədə yaşayır. Biz onunla danışırdıq, hesab nömrəsi verirdi. Ödəmə terminalında onun dediyi hesaba pulu köçürürdük, çeki isə çəkib onu nömrəsinə göndərirdik. Yarım saat ərzində bizə yer deyirdi və gedib narkotiki götürürdük”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar.

Onlardan ümumilikdə iki büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, iki büküm psixotrop maddə “Metamfetamin” və dörd ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulları aşkar olunaraq götürülüb.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com