“Əl tutmaq Əlidən qalıb” kəlamını, yəqin ki, eşitməyən yoxdur. Buna əməl edən insanlarımız isə minlərlədir.
Tarixə nəzər yetirsək, bir çox xeyriyyəçilərimizin olduğunu görərik. Bunların sırasında neft milyonçuları da var, sıravi kasıb insanlar da.
Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri zəif olanın, yardıma möhtac olanın yanında olmasıdır.
Bu gün bunun bariz nümunəsini tez-tez sosial şəbəkələrdə, televiziya verilişlərində də görə bilərik. Ancaq ürəyiyumşaq nümayəndələrimiz olduğu kimi, həmin insanların “yuxaqəlbliliyindən” istifadə edənlər də az deyil.
Dəfələrlə bununla bağlı məhkəmə prosesləri, saytlarda yazılar, ittihamların şahidi olmuşuq.
Son günlər isə bu hallar məşhurların simasında intensiv bir hal alıb.
Xüsusilə də, insanın ən çox inandığı şəxslərin onları aldatması onlarda inam hissini öldürür. Onlar düşünür ki, əgər illərdir səhnədə izlədiyimiz, hörmət etdiyimiz şəxslər bizi aldadırsa, sosial şəbəkədə özünə yardım hesabı açıb, pul yığmaq istəyən tanımadıqlarımız niyə aldatmasın?
Bu mövzuda insanların səbr kasasını daşıran isə “Bizimləsən” proqramında uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevaya görə xeyriyyə marafonunun başlamasıdır.
Belə ki, proqram yeni başlayarkən “Toppuş bacı”ya xəstəliyinin müalicəsi ilə bağlı pul yığıldığı bildirilmişdi. Məşhurlar belə bu marafona qoşulmuşdu.
İlk başlarda proqramda Tünzalənin yazıq göstərilməsi, xəstəliyi olan birinə stress yaşadılması cəmiyyət tərəfindən normal qarşılanmamış, qınanılmışdı.
Daha sonra bu qınağa ona kömək edən məşhurların efirdə nə qədər kömək etdiyini açıqladığına görə Zaur Baxşəliyev tuş gəldi. Bir qisim isə məşhurların az pul verməsini hədəf almışdı.
Günlər sonra Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin Tünzalənin sağaldığını deməsi şok effekti yaratdı.
Kərimlinin “Tünzalə Əliyeva son günlər efirə çıxır, bütün Azərbaycandan kömək istəyir. Onun səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. “Toppuş bacı” nəyə görə xərçənglə özünü reklam edir?” sözləri sanki hər kəsi ayıltdı.
“Toppuş bacı” isə cavabında özünü xəstəliklə reklam etmədiyini, daha sonra proqram zamanı ipoteka ilə aldığı evin ödənişini yekunlaşdırmaq üçün layihəyə müraciət etdiyini dedi.
“Bizimləsən”in aparıcısı Zaur Baxşəliyev də “Toppuş”un dediklərini təsdiqlədi və “Biz xəstəliyə görə heç kimə müraciət etməmişik”, – deyə bəyanat verdi.
Sonda isə pis olan, ümidləri qırılan, məyus olan və insanlara inamını itirən tamaşaçı oldu. Sanki zövqlərinin korlandığı azmış kimi…