“İnter”-“Napoli” qarşılaşmasından öncə maşın vuran “İnter”in azarkeşi xəstəxanada dünyasını dəyişib.
ÇıxışYolu.Com Sports.ru-ya istinadən bildirir ki, azarkeşlər arasında qarşıdurma yaşanarkən 35 yaşlı kişini “Napoli” klubunun azarkeşləri olan maşın vurub.
Qarşıdurma “İnter”in “ultras” azarkeşlərinin “Napoli” fanatlarının olduğu avtomobili dayandırması zamanı baş verib.
“Napoli” azarkeşlər avtomobildən düşüblər, nəticədə, dava baş verib və dörd neapollu bıçaq yarası alıb. Daha sonra onların avtomobili hadisə yerini tərk edən zaman “İnter”in azarkeşini vurub.
Azarkeş xəstəxanaya çatdırılıb əməliyyat olunsa da, bu, onun həyatını xilas etməyə kömək etməyib.
Bundan əlavə, “İnter”in azarkeşləri oyun zamanı qırmızı vərəqə alan “Napoli”li futbolçu Kalidu Kulibalinin ünvanına irqçi şüarlar səsləndiriblər və onu “meymun” adlandırıblar. Hakim bununla bağlı üç dəfə xəbərdarlıq anonsu edib. “Napoli”nin baş məşqçisi Karlo Ançelotti bunun bir daha təkrarlanacağı halda komandasının meydanı tərk edəcəyini bildirib.