Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə X.Məmmədov ifadə verərək, özünü təqsirli bilmədiyini deyib.
O, 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib.
Onun sözlərinə görə, məhlədaxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olublar:
“Avtomobilimin ustası İlham Məlikov fevral ayında mənə zəng etdi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Ona dedim ki, tikinti mənim sahəm deyil, o isə məsləhət almaq istədiklərini bildirdi. Sonra gəldilər, danışdıq, bizim ərazidə torpaqda tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım, dedim, burada tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalısan. Oradan da sərəncam verilməlidir, layihə təsdiqlənməlidir.
Daha sonra heç nədən xəbərim olmadı, may ayında 97 saylı “JEK”in sədri Arif Gülgəzov zəng edib dedi ki, həmin ərazidə bünövrə qazılır. Mən orada işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacağam. Sonra Əmlak Komitəsi və icradan sənədlər gətirdi. Dedim, bunlar saxtadır, şübhələndim. Buna görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və icrada təsdiqlətsin.
İyun ayında Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də oraya getdim, icranın işçisindən soruşdum ki, bunların sənədləri qaydasındadırmı? Dedi, bütün sənədləri düzdür, sonra da tikintiyə davam etdilər. İki ay sonra Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb, Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi”.
X. Məmmədov qeyd edib ki, zərərçəkmiş Elsevər adlı şəxsdən tikintiyə icazə üçün 50 min manat pul almayıb.
Proses yanvarın 4-də davam etdiriləcək.
Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.
İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə rüşvət alıb.
Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
Etibar Məmmədov