Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün birinci matçında “Keşlə” və “Qəbələ” üz-üzə gələcək. Ötən mövsüm kubokun finalında üz-üzə gələn rəqiblərin budəfəki görüşü də maraqla gözlənilir. Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra oyununda irəliləyiş hiss olunan bakılılar qələbə ilə iki pillə irəliləmək imkanına malikdir.
Son dörd turda meydanı qolsuz tərk etməyən Sənan Qurbanovun komandası isə həm mövqeyini qorumaq, həm də ilk “dördlüy”ə yaxınlaşmaq üçün turu itkisiz keçməlidir. Bu matçda zədəli olduğu deyilən millimizin qapıçısı Kamran Ağayev heyətdə olmayacaq. Onun yerinə “Keşlə”nin qapısında Davud Kərimi dayanacaq. Bu, onun debüt matçı olacaq.
Günün ikinci matçında isə son illərin dəyişməz çempionu “Qarabağ” “Sabah”ı sınağa çəkəcək. Ən azı bir günlük liderə şərik olmaq üçün Qurban Qurbanovun yetirmələri qalib gəlməlidir. Ardıcıl üçüncü qələbəyə köklənən ağdamlıların rəqibi isə onları büdrətmək niyyətindədir. Son iki turda uduzan Elşad Əhmədovun debütant komandası seriyanı qırmağa çalışacaq.
Sabah keçirilən görüşlərdə isə “Səbail” lider “Neftçi”ni büdrətməyə çalışacaq. Autsayder “Zirə” isə bu adı üzərindən götürmək üçün “Sumqayıt”dan üç xal qoparmaq istəyəcək.
24 noyabr
16:30 “Keşlə” – “Qəbələ”
“ASK Arena”. Baş hakim: Rəvan Həmzəzadə
19:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: İnqilab Məmmədov
25 noyabr
17:00 “Səbail” – “Neftçi”
“Bayıl Arena”. Baş hakim: Rauf Cabbarov
19:00 “Zirə” – “Sumqayıt”
“Dalğa Arena”. Baş hakim: Səbuhi Bayramov
Turnir cədvəli
1. “Neftçi” 26
2. “Qarabağ” 23
3. “Səbail” 20
4. “Sabah” 16
5. “Qəbələ” 12
6. “Sumqayıt” 11
7. “Keşlə” 9
8. “Zirə” 6
Bombardir: Baqaliy Dabo (“Neftçi”) – 6 qol.