Sabah Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, tura Qəbələdəki görüşlə start veriləcək.
Heç də yaxşı günlərini yaşamayan “Qəbələ” lider “Neftçi”ni sınağa çəkəcək. Böyük ehtimalla, bu, Qəbələ klubunun baş məşqçisi Sənan Qurbanov üçün özünə klub rəhbərliyi qarşısında bəraət qazandırmaq üçün son şanslardan biri olacaq. Amma təbii ki, “Neftçi” də səfərdə oynamasına baxmayaraq, liderliyi “Qarabağ”a verməmək üçün rəqibdən xal almağa çalışacaq.
Son illərin dəyişməz çempionu olan “Qarabağ” isə “Azərsun Arena”da “Səbail”i qəbul edəcək. Aydın məsələdir ki, “Qarabağ” oktyabrın 25-də Bakı Olimpiya Stadionunda Avropa Liqasında Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacağından, bu görüşə yarımehtiyat qüvvə ilə çıxacaq. Üçüncü pillədə olan “Səbail” isə məhz bu amildən öz xeyrinə yararlanmağa və bununla da Ağdam təmsilçisi ilə xal fərqinin böyüməməsinə çalışacaq.
Oktyabrın 21-də keçiriləcək görüşlər isə daha çox turnir cədvəlinin aşağı pillələri üçün önəmlidir. Belə ki, həmin gün autsayderlər – “Keşlə” və “Zirə” üz-üzə gələcək. Premyer Liqadakı mübarizədən qopmamaq üçün bu, tərəflər üçün vacib görüş adlandırıla bilər.
Turun son görüşü olan “Sumqayıt” – “Sabah” oyunu isə eyni xala malik və Avropa Liqasına düşmək üçün mübarizə aparan iki komandanın oyunu kimi səciyyələndirilə bilər.
Azərbaycan Premyer Liqası
VIII tur
20 oktyabr
17:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu. Baş hakim: Rəhim Həsənov
19:00. “Qarabağ” – “Səbail”
“Azərsun Arena”. Baş hakim: Rəvan Həmzəzadə
21 oktyabr
17:00. “Sumqayıt” – “Sabah”
“Bayıl Arena”. Baş hakim: İnqilab Məmmədov
19:00. “Keşlə” – “Zirə”
“ASK Arena”. Baş hakim: Əliyar Ağayev
Turnir cədvəli
1. “Neftçi” 7 oyun 19 xal
2. “Qarabağ” 6 oyun 16 xal
3. “Səbail” 7 oyun 10 xal
4. “Sumqayıt” 7 oyun 10 xal
5. “Sabah” 7 oyun 10 xal
6. “Qəbələ” 7 oyun 5 xal
7. “Zirə” 7 oyun 4 xal
8. “Keşlə” 6 oyun 2 xal
Bombardirlər: Marko Deviç (“Sabah”) – 5 qol, Baqaliy Dabo (“Neftçi”), İnosent Emeqara (“Qarabağ”) – hər ikisi 4 qol.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com