Azərbaycanda ilk dəfə kiçik insan heykəlləri düzəldən 23 yaşlı heykəltəraş Rəşid Məhərrəmovun ÇıxışYolu.Com-a müsahibəsi:
– Nə vaxt hiss etdiniz ki, sizdə rəssamlığa, heykəltəraşlığa meyil var?
– Atam uşaq yaşlarından məni məcburi rəssamlıq öyrənmək üçün dərslərə aparırdı. O zaman uşaq idim, dərk etmirdim ki, nəsə edərəm. Dərs almaq üçün gedib-gəlirdim. Sonra imtahan verdim, Rəssamlıq Akademiyasına daxil oldum. Həmin proseslər zamanı gördüm ki, heykəltəraşlığa marağım daha çoxdur.
– Atalar övladlarını, adətən, polis, həkim görmək istəyir. Sizdə niyə belə olmuşdu?
– Atam, babam zərgər olub deyə, sırf sənətə yönləndirilirik. Sağ olsun ki, məni belə yönləndirdi. Hazırda sənətimlə fəxr edirəm. Mənimçün bütün dövlət işlərindən daha üstündür.
– Bəs kiçik heykəllər düzəltmək ideyası necə yarandı?
– Türkiyəyə getmişdik. Azərbaycanda məndən güclü heykəltəraşlar olub. Azərbaycana isə bunu ilk dəfə mən gətirmişəm. Kiçik insan heykəllərini bir neçə ildir düzəldirəm. Gördüm ki, insanlara da maraqlıdır, bəyənirlər.
İllərdir, işləyirəm. Hər beş aydan bir köhnə işlərimə baxıram, görürəm ki, böyük fərq var. Daimi müştərilərim var ki, onlar da bunu deyir. “Daha realdır, daha gözəldir, xoşumuza gəldi”, – deyə bildirirlər. Ümid edirəm ki, beş ildən sonra daha yaxşı işlər təqdim edəcəyəm.
– Bir heykəli düzəltmək nə qədər vaxt aparır?
– Heykələ görə vəziyyət dəyişir. İnsan elə bir məfhumdur ki, hərənin bir xarakteri, üz cizgisi, özəlliyi var. Əsas xarakteri tutmaqdır, bilirsiniz ki, şəkillər üzərində işləyirəm. Məlumdur ki, insan hər fotoda başqa cür düşür. Müştəri 10-15 foto göndərir.
Bir-bir onları analiz edirəm. Bunun üçün bir günüm gedir. Fotolara baxıram, ondan sonra heykəli düzəltməyə başlayıram. İşi götürəndə müştəriyə 10-15 günə düzələcəyini deyirəm. Elə iş olur ki, bir həftəyə bitirirəm. Eləsi olur ki, baxıram ki, 15 gün keçib, heykəl hələ də hazır deyil.
Düzdür, necə gəldi işləmək olar. Bu zaman müddət üç gün olacaq. Amma mən həmin işi müştəriyə təqdim edəndə bəyənmiş olmuram.
– Şəkil çəkmək heykəltəraşlığa nisbətən, məncə, daha rahatdır. Çünki konkret olaraq düz bir kağızın, yaxud başqa bir materialın üzərinə çəkirsən. Ancaq heykəllərdə dörd tərəfdən də hər şeyi taraz və yerində etmək lazımdır. Bunu yadda saxlamaq məsələsi də var. Biri var təxəyyülünün məhsulunu ortaya çıxarırsan, biri də var nəyinsə eynisini yaradırsan.
– Heykəltəraşlıq rəssamlıqdan çətindir. Çünki rəssamın işi bir rakursdur, bizdə isə dörd tərəfdəndir. Qarşıdan düzəldirəm, baxıram ki, profildə əskiklik var.
– Neçə ildir heykəltəraşlıqla məşğulsunuz?
– Doqquz ildir heykəltəraşlıqla məşğul oluram, dörd ildir kiçik heykəllər düzəldirəm.
– İlk dəfə kimin heykəlini düzəltmisiniz?
– İlqar adlı bir dostum var. Onun heykəlini düzəltmişdim. İndiyədək yazır ki, sən nə vaxt heykəl düzəltməyi öyrənəcəksən? (gülür). Deyir, mənə elə bir heykəl vermişdin ki. məndən başqa hamıya oxşayırdı.
– Məşhurların da heykəllərini düzəldirsiniz. Onlarla tanışlıq necə oldu?
– İlk dəfə Şəhriyar Əbilov, Afaq Gəncəli və Cavid Gülün heykəlini düzəltmişdim. İndi düzəltsəm, onların daha çox xoşuna gələcək. Onda zəif idi işlərim, bunu boynuma alıram. Bəyənib paylaşdılar, təşəkkür etdilər. Sağ olsunlar ki, işimə, özümə böyük hörmət bəsləyirlər. Bu da qarşılıqlıdır. Hansına yaxınlaşıb demişəm ki, heykəlinizi düzəltmək istəyirəm, “yox” deməyiblər.
– İndiyədək hansı məşhura verdiyiniz heykəldən məmnun qalmısınız?
– Murad Dadaşov. Ona düzəltdiyim heykəl hər kəs tərəfindən bəyənilib.
– Aurası xoşunuza gəlməyib deyə, heykəlini düzəltmədiyiniz biri olub?
– Elə adamlar olur ki, qaşı, gözü, burnu yerindədir, ancaq nə qədər etsən də, aurasından dolayı onun heykəli alınmır. İllərdir tanıdığım, mimikasına bələd olduğum insanlar var ki, onların heykəlini bir neçə dəfə düzəltməyə çalışmışam, hər dəfəsində alınmayıb.
– Heykəli düzəldərkən hansı materiallardan istifadə edirsiniz?
– Bu, 5-6 prosesdən ibarətdir. İlkin olaraq gildən forma yığılır, daha sonra “farmovka” edirəm. Bir çox materiallardan istifadə olunur.
– Buradan alırsınız?
– Yox, xaricdən alıram. Azərbaycan gili elə vəziyyətdədir ki, onunla işləmək çətindir.
– Bir heykələ minimum nə qədər pul xərclənir?
– Xərclər heykələ və müştərinin istəyinə, ölçülərinə görə dəyişir. Biri heykəlin yanında it, digəri maşın istəyir. Buna görə də qiymətlər fərqli olur.
– Qadın heykəlini düzəltmək çətindir, yoxsa kişi?
– Qadın heykəllərini düzəltmək kişilərdən iki dəfə daha çətindir. Ən çətin heykəl isə uşaq heykəlləridir. Çünki onlarda formalaşmış sifət yoxdur. Çox incəliyə fikir verməlisən, onların üzündə qırışlar, kölgələr var. Onları elə balanslaşdırmaq lazımdır ki, uşaq qoca görünməsin.
Qadın heykəllərini düzəldəndə baxırsan 10 şəkil göndərib, amma həmin fotolarda tamam fərqlidir. Saç yığılanda sifət açılır, öz konturları üzə çıxır. Saç normal vəziyyətdə qalanda isə konturlar dəyişir. Xeyli əziyyət çəkirəm, axırda düzəldirəm. Kişi heykəlini işləmək daha rahatdır.
– Turist müştəriləriniz olur?
– Kiminsə tanışı olursa, zəng edirlər ki, 10 günə gedirəm, mənə heykəl düzəlt. Ötən il “Jara” festivalından sonra Rusiyadan xeyli sifarişlər aldım. Türkiyədən, Almaniyadan, Praqadan sifarişlərim olur, oralara heykəl göndərirəm. “Instagram” səhifəmi izləyirlər, nömrəmi götürüb əlaqə saxlayırlar.
– Dərs almaq üçün müraciət etmək istəyənlər var?
– İstəyirlər, ancaq buna vaxtım yoxdur. Çox istərdim ki, öyrədim, amma alınmır.
– Bir heykəli düzəltməmiş başqasına keçirsiniz, yoxsa mütləq sonlandırıb, digərinə başlayırsınız?
– Paralel çalışıram, çünki bir heykələ baxmaqdan yoruluram.
– Bir aya neçə heykəl təhvil verirsiniz?
– İşə görə dəyişir, ola bilər bir ay ərzində beş asan iş görərəm. Elə də olur ki, cəmi iki heykəl təhvil verirəm. Normal heykəllər olanda 10 heykəl də düzəldirəm. Stabil iş deyil, konkretlik yoxdur. İşi bitirəndən sonra deyə bilərəm ki, nə qədər vaxt sərf etmişəm.
Üzünüzə baxaram, deyərəm ki, rahatdır. Çünki üz quruluşunuz, saqqalınız var. Xarakteriksiniz. Amma işə başlayandan sonra problemlər çıxa bilər. Xarakteri tutmaya da bilərəm.
– Maddi olaraq əziyyətinizin qarşılığını ala bilirsiniz?
– Sağ olsunlar, qiymətləndirib, dəyər verirlər. Qismət olsa, gələcəkdə emalatxana açmaq istəyərəm.
– Alınmayan heykəli maksimum neçə dəfə yenidən düzəltmisiniz?
– Bir dəfə bir heykəldə beş dəfə baş hissəni işlədim. Alınmırdı ki, alınmırdı…
– İş zamanı sizə nə motivasiya verir?
– Yerli və xarici musiqilərə qulaq asmaq…
.
VİDEO: Elnur Uğur, Səlim Əhməd
www.ÇıxışYolu.Com