Azərbaycan Milli Karate Federasiyası daha bir legioneri milliləşdirmək istəyib.
Bu barədə ÇıxışYolu.Com-a federasiyanın prezidenti Yaşar Bəşirov kata millimizin durumundan danışarkən bildirib:
“Bildiyiniz kimi, biz slovakiyalı Dorota Baltsiarova ilə anlaşmışdıq. Lakin sonradan onunla müəyyən səbəblərdən yollar ayrıldı. Onun yerinə Honqkonqdan bir idmançı ilə danışıqlar gedirdi. Onların federasiyasında maliyyə problemi yaranmışdı. Ancaq onun keçidi alınmadı. Özü ilə razılıq əldə etsək də, ölkəsi onu bizə vermədi deyə danışıq yarımçıq qaldı.
Ona görə də çalışırıq ki, öz gənclərimizi yetişdirək. Hazırda o postda yeganə idmançımız Neda Rezaidir. Amma o, ölkədə bir nömrə olsa da, beynəlxalq yarışlarda zəif çıxış edir. Mənə də deyib ki, bundan sonra çalışıb daha yüksək nəticə göstərəcək.
Ümumiyyətlə, hazırda qızlardan legioner gətirmək fikrimiz yoxdur. Katada oğlanlarda Roman Heydərova bütün diqqətimizi ayırmışıq. Onun 19 yaşı olsa da, artıq üç dəfə Avropa çempionatının bürünc medalını qazanıb, Bakıdakı İslamiadanın qalibi olub”.
Yaşar bəyin sözlərindən sonra federasiyanın milliləşdirmək istədiyi honqkonqlu idmançının adını tapdıq. Bu, tam adı Mo Şeunq Qreys Lau olan idmançıdır. 27 yaşlı idmançı noyabrda İspaniyanın paytaxtı Madriddə keçirilmiş son dünya çempionatında bürünc medal qazanmaqla ölkəsinin belə yarışda medal əldə etmiş ilk idmançısı kimi tarixə düşüb.
Ümumiyyətlə, Qreys Lau ötən il Zalsburq və bu il Dubay Premyer Liqa yarışlarında yaponiyalı dördqat dünya çempionu, “katanın imperatriçəsi” adlandırılan Kiyou Shimizunu məğlub etməklə dünyanın diqqətini cəlb edə bilib. Yapon idmançı məhz 2011-ci ildə başladığı karyerasında ilk məğlubiyyətini Qreys Laudan alıb.
Ümumiyyətlə, Qreys Lau bu mövsüm altı dəfə podiuma çıxıb. Zalsburq və Rabat Premyer Liqa yarışlarında çempion olub, Dubayda gümüş, Paris və Roterdamdakı Premyer Liqada, eləcə də, Madriddəki dünya çempionatında bürünc medal qazanıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com