ÇıxışYolu.Com – “Neftçi” – “Qarabağ” matçı “El Klasiko”ya görə tez başlayacaq

Baxış sayı: 2. 423 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Neftçi” – “Qarabağ” matçı “El Klasiko”ya görə tez başlayacaq

Oktyabrın 28-də İspaniya La Liqasının X turu çərçivəsində “El Klasiko” – “Barselona – “Real” görüşü keçiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, Bakı vaxtı ilə saat 19:15-də başlayacaq derbi Azərbaycan Premyer Liqasının IX turun oyunlarının qrafikinə də təsir edib.

Belə ki, Azərbaycan çempionluğu üçün vacib görüş olan “Neftçi” – “Qarabağ” matçı bu səbəbdən daha erkən – saat 17:00-da başlayacaq.

Oyunların təqviminin müəyyənləşdirilməsi ilə məşğul olan Peşəkar Futbol Liqasına müraciət etdik. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bu sualımıza belə cavab verdi: 

“Əvvəldən heç bir oyunun vaxtı təyin olunmamışdı. Ümumiyyətlə, oyunun vaxtı turdan öncə müəyyənləşir. Bununla bağlı çempionatın yayım hüququna malik olan “CBC Sport”la və klublarla danışırıq. Klublardan razılıq aldıqdan sonra oyunların vaxtını təyin edib “CBC Sport”a veririk, onlar da həftəlik proqramlarını açıqlayırlar. 

Bilirsiniz ki, “CBC Sport” İspaniya, İtaliya kimi çempionatları da yayımladığından onlarda həftəsonları qrafik sıx olur. Ona görə də oyunların vaxtını “CBC Sport”un iş qrafikinə mane olmayan tərzdə salmağa çalışırıq.

Premyer Liqanı efirə vermək üçün onlara hansı vaxtların sərf etdiyini soruşuruq. Eyni zamanda, klublardan soruşuruq ki, oyunların vaxtını bu vaxta salmaq istəyirik, etiraz etmirsiniz ki? Onlar etiraz etmədikdə oyunların vaxtını təyin edirik. Amma oyunun vaxtı əvvəl saat 19:00-a təyin olunub, sonra 17:00-a çəkilməsi olmayıb”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com