ÇıxışYolu.Com – Olimpiadada millilərimizin tutduğu yerlər müəyyənləşdi

Baxış sayı: 5. 004 dəfə baxılıb.

Bu gün Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında millilərimizin tutduğu yerlər müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, kişi millimiz 15 xalla XV yeri tutub. 

Çin millisi çempion olub. ABŞ gümüş, Rusiya şahmatçıları isə bürünc medallara yiyələnib. Hər üç komandanın 18 xalı olsa da, əlavə göstəricilərə görə, Asiya təmsilçisi qızıl medallara sahib çıxıb. V turda yığmamıza uduzmuş Ermənistan millisi isə 16 xalla VIII yerdə yarışı bitirib.

Vyetnamla heç-heçə edən qadın millimiz isə son turda VII yerdən aşağı düşüb. 16 xalı olan komandamız yekunda yarışı X pillədə başa vurub.

Burada da qızıl medallar Çin millisinə qismət olub (18 xal). Daha bir 18 xalı olan Ukrayna gümüş medallara yiyələnib. Bürünc medallar isə 17 xalı olan meydan sahibi Gürcüstana qismət olub. 

17:15

Bu gün Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında son gündür.

ÇıxışYolu.Com xəbər verir ki, XI turda medal şansını itirmiş kişi millimiz Serbiya ilə qarşılaşıb.

Ardıcıl dörd görüşdə qələbə üzünə həsrət qalan millimiz turnirdə qapını bərk çırpıb. Belə ki, Şəhriyar Məmmədyarovun oynamadığı turda millimiz 4:0 qalib gəlib.

Teymur Rəcəbov Duşan Popoviçdən, Arkadi Naydiç Miloş Roqanoviçdən, Rauf Məmmədov Marko Neneziçdən, Eltac Səfərli Velimir İviçdən üstün olub. Bununla da millimiz turniri 15 xalla başa vurub.

Medal şansı qalan qadın millimiz isə Vyetnamla 2:2 edib. Günay Məmmədzadə Ti Kim Punq Voya qalib gəlib. Zeynəb Məmmədyarova Le Tao Nquyen Famla, Gülnar Məmmədova Ti Bao Tram Hoanqla heç-heçə edib. Ülviyyə Fətəliyeva isə Ti Mai Hunq Nquyenə uduzub. 

Bununla da qadın millimiz turniri 16 xalla başa vurub. Komandamızın neçənci sıranı tutduğu bütün görüşlər başa çatdıqdan sonra bilinəcək. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com