Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 14-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində, dəniz sahilində yerləşən vətəgədə keçirilmiş reydlər nəticəsində bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Hövsan qəsəbə sakini olan Emil Abdulrəhimovdan hisə verilmiş 28 kütüm, iki adi siyənək və qaxac edilmiş beş kütüm balığı maddi sübut kimi götürülüb.
Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsi (lisenziyası) olmadan, kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə – sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda brakonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı da mütəmadi olaraq reydlər keçirilir.
İdarə əməkdaşlarının noyabrın 11-də İmişli rayonunun Qaralar kəndində keçirdikləri digər növbəti belə reyd zamanı əcnəbi vətəndaş Mansor Alajmi adlı şəxs saxlanılıb.
Bu şəxs isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi (lisenziyası) olmadan, adları “Qırrmızı kitab”a düşmüş bir sultantoyuğu və 14 gərəf ovlayıb.
Hazırda İdarədə hər iki faktla bağlı araşdırma aparılır.