ÇıxışYolu.Com – “Qarabağ”ın “İnter”ə vurduğu qolu görməyən hakim Bakıya gəlir

Baxış sayı: 4. 191 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ”ın “İnter”ə vurduğu qolu görməyən hakim Bakıya gəlir

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sportinq” oyununun baş hakimi müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, bu, rumın əsilli çexiyalı Petr Ardelyanudur.

Bu hakim Azərbaycan futboluna, xüsusən də “Qarabağ”a çox tanış hakimdir. Belə ki, dekabrın 14-də 38 yaşını tamamlayacaq Ardelyanu 2014-cü ilin dekabrında Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasında qapıarxası hakimlərdən biri olub.

Avroliqanın qrupunda İtaliya “İnter”i ilə matçın əlavə olunmuş dəqiqəsində “Qarabağ”ın braziliyalı futbolçusu Rişard Almeyda qələbə qolunu vursa da, hakimlər bunun oyundankənar vəziyyətdən vurulduğunu bildirərək qolu qeydə almamışdı. Halbuki qol qeydə alınsaydı, qələbə sayəsində Ağdam klubu Ukraynanın “Dnepr” klubunu qabaqlayaraq tarixində ilk dəfə 1/16 finala vəsiqə qazanacaqdı.

Həmin vaxt sonradan bu qolun tam qaydalar çərçivəsində vurulduğu üzə çıxmış və bu nəticəyə təsir edən səhvə görə Zelinka və onun köməkçiləri cəzalandırılmışdı. Maraqlıdır ki, Ardelyanu həmin zaman “İnter”in qapısı arxasında dayanan hakim olub və o da baş hakimə verdiyi qərarın səhv olmasına dair xəbərdarlıq etməmişdi.

Bundan başqa, Petr Ardelyanu 2013-cü ildə Makedoniya və Azərbaycan U-21-lərinin seçmə mərhələ, eləcə də 2016-cı ildə Azərbaycan və Belçika U-17-lərinin Bakıdakı Avropa çempionatı oyununu idarə edib. İlk görüşdə millimiz 0:1 uduzubsa, ikinci matçda 1:1 hesabı qeydə alınmışdı. Həmçinin o, Bakıda keçirilmiş U-17-lərin Avropa çempionatında daha üç görüş idarə edib. Bunların arasında 2016-cı ilin mayın 21-də keçirilmiş Portuqaliya – İspaniya finalı da var.

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com