Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.
ÇıxışYolu.Com xəbər verir ki, komanda bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçevin xidmətindən məhrum olub.
UEFA Millətlər Liqasında Norveçlə oyundan öncə isinmə hərəkətləri edən zaman zədə alan Slavçevin durumuna tam aydınlıq gəlib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu, o deməkdir ki, o, 2014-2018-ci illərdə müqavilə ilə məxsus olduğu Portuqaliyanın “Sportinq” komandasına qarşı oynaya bilməyəcək. Futbolçu özü bu barədə deyib:
“Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi. Hətta bu, daha da pis ola bilərdi. Əgər əzələmdə yırtıq aşkarlansaydı, vəziyyət ağır olacaqdı. Bu zədəyə görə iki həftə oynamayacağam. Çox əsəbiyəm, çünki “Sportinq”lə qarşılaşmada komandama kömək edə bilməyəcəyəm”.
Qeyd edək ki, yay transfer dönəmində “Qarabağ”a keçmiş Simeon Slavçev sentyabrın 6-da Bolqarıstanın Sloveniya ilə görüşündə (2:1) doxsan dəqiqə forma geyinmişdi. O, həmin matçın əllinci dəqiqəsində sarı vərəqə almışdı.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com