5-11 noyabr tarixlərində İspaniyanın paytaxtı Madriddə karate üzrə XXIV dünya çempionatı keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, karatedə ilin ən mötəbər turnirinə hazırlaşmaq məqsədilə milli komandamız dörd gündür Şamaxıda təlim-məşq toplanışındadır.
Toplanışa 15 idmançı cəlb olunub. Şamaxı Olimpiya İdman Kompleksində keçirilən hazırlıqlarda Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Murad Hacızadə (hər üçü +84 kq), Roman Heydərov (kata), Sahib Əhədov (para-karate), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edir.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, beşqat dünya çempionumuz Rafael Ağayev və kişi millimizin baş məşqçisi Şahin Xudaverdiyev Baku TV-nin mikrofonuna hazırlıqlar və qarşıdakı dünya çempionatı ilə bağlı danışıb.
Bəşirov və Xudaverdiyev bu yarışın önəmindən söz açıb, yaxşı nəticələrin 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verdiyini vurğulayıb. Ağayev isə bu dünya çempionatının onun üçün böyük önəminin olduğunu və altıncı dəfə dünya çempionu olmaq istədiyini bildirib.
Qeyd edək ki, karateçilərin təlim-məşq toplanışı bir həftə davam edəcək. Milli komanda 3 noyabrda dünya çempionatına yollanacaq.