Azərbaycanlı qrossmeyster Rauf Məmmədov noyabrın 17-də ukraynalı şahmatçı, qızlar arasında dünya çempionu Natalya Buksa ilə ailə həyatı qurub.
ÇıxışYolu.Com tanınmış şahmatçımızı toyu münasibəti ilə təbrik edib, ondan ailə həyatı ilə bağlı açıqlama alıb.
İdmançı subaylıq həyatı ilə vidalaşmağın çətin olmadığını söyləyib:
“Bu, çətin olmadı, Natalya gözəl xanım və əla şahmatçıdır”, – deyə o qeyd edib.
Adətən, kişilər öz həmkarlarını həyat yoldaşı kimi seçmək istəmirlər. Raufun bu barədə düşüncələrini öyrənmək istədik. Rauf Məmmədov hər zaman bir şahmatçı xanımla evlənmək istəyində olduğunu və nəhayət, arzusuna çatdığını bildirib. O, xanımı ilə rapid üzrə dünya turnirində yarışıb, heç-heçə nəticə göstərdiklərini də əlavə edib.
Ailə həyatının kişini daha diqqətli və məsuliyyətli etdiyini söyləyən azərbaycanlı şahmatçı xanımının Azərbaycanın deyil, Ukraynanın milli komandasını təmsil edəcəyini vurğulayıb:
“Gələcəkdə nələr olacaq, demək çətindir. Amma bu məsələdə bizim evdə demokratiya hökm sürür. Mən xanımımın seçiminə hörmətlə yanaşıram”, – deyə Rauf Məmmədov bildirib.