Müğənni Sevda Sanaliyeva ötən gün ARB-nin efirində baş verən hadisədən danışıb.
ÇıxışYolu.Com xəbər verir ki, o, videoaçıqlama ilə proqramda canlı ifadan niyə imtina etdiyinə, verilişi tərk etməsinin səbəblərinə aydınlıq gətirib:
“Proqramdan getmə səbəbim canlı oxumaqdan boyun qaçırmağımla bağlı deyil. Verilişin ilk dəqiqələrindən bitənə kimi aparıcı Elgiz Əkbər “Leyli” mahnımın uğursuz olduğunu söylədi. Xoşuma gəlməyən sözlər işlədildi. Dinləyicilərim, mahnımı bəyənənlər barədə danışdılar, onları zövqsüz adlandırdı.
Yəni, Elgiz mənim dinləyicilərimi təhqir etmiş oldu. Buna görə əsəbilərim pozuldu, proqramın sonuna kimi də söhbət davam etdi. Efirdən getmə səbəbim budur, canlı ifa ilə bağlı deyil. Məni tanıyanlar bilir ki, canlı ifa edə bilirəm”.
Qeyd edək ki, “Səhər-səhər” proqramında aparıcı Elgiz Əkbər Sevdanın canlı oxumağını istəmişdi. Sevda isə Elgizlə mübahisə etmiş, daha sonra efiri tərk etmişdi.