Slovakiyanın Trnava şəhərində keçirilən mundialda bir qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında IV yeri tutmuş sərbəst güləşçilərimiz dünən axşam saatlarında vətənə qayıdıb.
ÇıxışYolu.Com xəbər verir ki, yığmanın dağıstanlı böyük məşqçisi Saypulla Absaidov DÇ-dəki çıxış haqda bunları bildirib:
“Biz dünya çempionatında Hindistan, Yaponiya, Moldova kimi rəqibləri qabaqladıq. Ötənilki dünya çempionatı ilə müqayisədə çox yaxşı nəticə göstərdik. Keçən dünya çempionatında qızıl medal qazana bilməmişdik. Azərbaycan və Dağıstan güləş məktəbi öz ənənəsini davam etdirir və uğurla Olimpiya Oyunlarına doğru addımlayır. Bütün Azərbaycan xalqını növbəti dünya çempionluğu münasibətilə təbrik edirəm.
Dünya çempionatında komanda hesabında üçlüyə düşməyimizə bəzi çəki kateqoriyalarında zəif çıxış etməyimiz səbəb oldu. Biz hesablamışdıq ki, daha 1-2 idmançımız mükafatçılar sırasına düşəcək. Amma onlar uğursuz çıxış etdilər. Medal gözlədiyimiz 57 (Əliabbas Rzazadə) və 61 kq (İntiqam Vəlizadə) çəki dərəcələrində uğursuzluq oldu. Üçlüyə düşməyimizə subyektiv və obyektiv səbəblər mane oldu”.
Bütün rəqiblərinə qalib gələrək himnimizi Trnavada səsləndirən Hacımurad Hacıyev qələbəsini belə şərh edib:
“Yarış mənim üçün yaxşı keçdi. Çempion olacağıma inanırdım. Güclü rəqiblərə qalib gələrək qızıl medal qazandım. Finaldakı rəqibimi yaxşı tanıyırdım. Çünki o da dağıstanlı idi. Final görüşüm asan keçmədi. Bundan sonra növbəti yarışlara hazırlaşacağam. Məqsədim böyüklərdən ibarət yığmada yer alıb, nəhəng turnirlərdə uğur qazanmaqdır”.
Dünya çempionatında III yeri tutmuş Orxan Abbasov isə hakim haqsızlığından şikayətlənib:
“Dünya çempionatına qızıl medal qazanmaq üçün yollanmışdım. Ancaq yarımfinalda amerikalı güləşçiyə uduzdum. Bir qədər hakim haqsızlığı ilə üzləşdim. Bununla belə, Avropa çempionatında uduzduğum Moldova təmsilçisinə qalib gəlib, bürünc medal qazandım. Şükür Allaha, vətənə əliboş qayıtmadım. Böyüklər arasında çıxış etməyə hazıram. Hələlik çəkimi dəyişməyi planlaşdırmıram”.
Xatırladaq ki, DÇ-də Hacımurad Hacıyev (70 kq) qızıl, Əbubəkr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal qazanıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com