0a809096-f6a3-4011-9624-ede6c5023cb2..jpg

AzQAC: “İstənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına dəstək verməyə hazırıq”

Baxış sayı: 839 dəfə baxılıb.

AzQAC: “İstənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına dəstək
verməyə hazırıq”

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən
artıq bir müddətdə, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının tərkib
hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə
“bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh
dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda fövqəladə hallar
zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından
asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi
köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara
zəruri humanitar yardımlar göstərir”.

Bu barədə AzQAC-ın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, AzQAC istər Birinci Qarabağ savaşı dövründə, istər Vətən
müharibəsi zamanı və istərsə də COVİD-19 pandemiyası dövründə Beynəlxalq
Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçəkmiş şəxslərə müvafiq
humanitar yardımlar göstərib:

“30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada
humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata keçiriblər. Təəssüflər
olsun ki, son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan
erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzli
kampaniyanın aparılmasının şahidi oluruq. Bunu nəzərə alaraq, Azərbaycan Qızıl
Aypara Cəmiyyəti bəyan edir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan
Respublikasının Konstitusiyasına, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə, “Qırmızı
Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə, Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Nizamnaməsinə, Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə,
Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq,
əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri
ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş
istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına dəstək verməyə
hazırdır”.

Bəyanatda bildirilib ki, bu humanitar missiyanı həyata keçirmək həm milli
qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin,
həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə
edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur:

“Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı
rol milli cəmiyyətlərə verilir. Bu humanitar missiyanın həyata keçirilməsi
üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün
potensialı səfərbər olunub. Bu Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul olunub”.

Source link