baa4648e-8148-42ef-8043-038a12e1263d..jpg

AzTV-nin sabiq baş redaktoru Rafiq Savalan vəfat edib

Baxış sayı: 571 dəfə baxılıb.

AzTV-nin sabiq baş redaktoru Rafiq Savalan vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
(AzTV) proqram baş redaksiyasının sabiq baş redaktoru Rafiq Savalan vəfat edib.

Bu barədə AzTV-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, o, bu gün 83 yaşında vəfat edib.

Rafiq İmanqulu oğlu Ağayev 1940-cı il dekabrın 1-də Bakı şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan
radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir, kiçik redaktor, böyük
redaktor, siyasi icmalçı (1966-1975), radionun uşaqlar üçün proqram baş
redaksiyasının baş redaktoru (1975-1996) vəzifələrində çalışıb.

Teleşirkətdə “Səhər” proqramının baş redaktor müavini vəzifəsində işləyib.

Rafiq Savalan həm də ədəbi fəaliyyətlə məşğul olub. Onun hekayələri,
felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap
olunub, efirdə səslənib.

O, 1990-cı il yanvarın 19-da işğalçı sovet qoşununun Azərbaycan
televiziyasının enerji blokunu partlatdığı zaman təxribatların daha geniş
miqyas almasına mane olmuş cəsarətli, qorxmaz vətənpərvərlərdən biri kimi yadda
qalıb. 20 Yanvar faciəsindən üç gün sonra Azərbaycan SSR Ali Sovetinin səhərə
qədər davam edən fövqəladə sessiyasında ictimaiyyətin nümayəndəsi kimi iştirak
edib, deputatların təklifi ilə redaksiya heyətinə seçilib.

Həmin axşam deputat, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar və Rafiq
Savalan dünya xalqlarına, dünya parlamentlərinə müraciətin rus dilində mətnini
yazaraq yayıblar.

Rafiq Savalan 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1976-cı
ildən Jurnalistlər Birliyinin üzvü və Jurnalistlər Birliyinin “Qızıl qələm”
mükafatı laureatı olub.

Allah rəhmət eləsin!

Source link