“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun aparıcı üzvlərindən olan Bəhram Bağırzadə vaxtı ilə Müşahidə Şurasında üzvü olduğu “Neftçi”nin futbolçularını sərt şəkildə tənqid edib.
ÇıxışYolu.Com xəbər verir ki, o, “İnstaqram”da qoşulduğu canlı yayımda “Bakcell Arena”da bu gün keçirilən “Neftçi” – “Qəbələ” oyunundan gəldiyini xatırladıb.
Bəhram Bağırzadə çəkilişə görə Azərbaycan Premyer Liqasının oyununu erkən tərk etdiyini bildirib. O, qeyd edib ki, “Bakcell Arena”ya az sayda azarkeşlərin gəlməsinə səbəb “Neftçi” futbolçularının səriştəsizliyidir:
“Oyunda olarkən azarkeşlərin az gəlməsi barədə düşündüm. Oyuna bilet minimum 1, maksimum 5 manatdır. Ancaq cəmi 500 azarkeş stadionda vardı. Bizim konsertlər isə 4 gün dalbadal keçirilir və hər dəfəsində də 2 min tamaşaçı gəlir. Halbuki bizdə konsertin qiyməti “Neftçi”nin oyunundakından yüksəkdir. Ən bahalı biletimiz 200 manatadır.
Azarkeşlərin stadiona az gəlməsinin səbəbi “Neftçi”nin futbolçularının öz var-yoxlarını meydanda qoymamalarıdır. Onların hamısı yox, 80 faizi öz anası, bacısı, şəhəri, komandası, ölkəsi üçün oynamır. Əgər oynasaydılar, azarkeş də onların oyununa baxmağa gələrdi. Belə futbolçular gələcəkdə də ailəsinə, ölkəsinə faydalı insanlar olmayacaqlar”.
Qeyd edək ki, bu görüşdə “Neftçi” II pillədə olan “Qəbələ”ni 4-cü dəqiqədə kapitanı Ruslan Abışovun vurduğu qolla məğlub edib.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com