3cef64d2-9ff1-4337-9192-c3f3746215cb..jpg

Bərdə rayonunda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi

Baxış sayı: 1. 008 dəfə baxılıb.

Bərdə rayonunda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi

Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə
yetirib.

Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrində
bacısının Bərdənin Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında
təşkil olunan qız toyu mərasimində iştirak edib. O, pivə və spirtli içkilər
içib.

Kənan toy mərasiminin gedişinə mane olacağından ehtiyatlanan dayısının ona
yaxınlaşaraq daha içki qəbul etməməsi və dava salmamasını deməsindən qəzəblənib.

Kənan məclisdə səs-küy salıb, tamadanın əyləşdiyi stola təpik vurub, atası və
dayısının tənbehinə məhəl qoymayıb. Bibisi oğlanları onu toydan Mirzəcəfərli
kəndində yerləşən evlərinə gətirib.

Evdəki tüfəngi götürən Kənan evin çöl hissəsində darvazanın yanında dayanmış
bibisi oğlanlarını qorxutmaq məqsədi ilə dəmir darvazaya doğru atəş açıb. Daha
sonra tüfəngi evin arxa hissəsində həyətyanı sahədə gizlədib, toydan zorla evə
göndərilməsini özünə təhqir sayıb.

Buna görə qisas məqsədilə atasını öldürmək qərarına gəlib. O, atası Buludun
toydan evə gəlməsini gözləyib. Saat 23 radələrində evin qapısı ağzında,
pilləkəndə oturan atasını öldürmək üçün münasib şərait yarandığını görüb. O,
pilləkəndə oturmuş anası Xuraman və atası Buluda tərəf atəş açıb. Nəticədə ata
aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci
(xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam
öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ititham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş
hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə Kənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki,
Mirzəcəfərli kəndində atasına məxsus evdə yaşayıb: “Hadisə baş verən günü səhər
saat 6 radələrində bacımın toy mərəsiminin keçiriləcəyi yerə getdim. Orada
yemək bişirənlərə nəzarət etdim. Toy günorta saat 13 radələrində başlandı.

Toyda spirtli içki və 2 stəkan pivə içdim. Dayım mənə yaxınlaşaraq içki
içməməyimi dedi. Bundan əsəbiləşib tamadanın, aşıqların və müğənnilərin stoluna
tərəf getdim, təpiklə aşıqların stoluna vurdum, toyu dayandırmalarını istədim.
Məni restoranın dəhlizinə çıxardılar.

Dəhlizdə atam və dayım boynuma sarılaraq içki içməməyimi, toya mane olmamağımı
xahiş etdilər. Bu sözlərdən qəzəbləndiyim üçün məni bibim oğlanları Sənan və
Fərahimlə birlikdə Mirzəcəfərli kəndində yerləşən evimizə göndərdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Sənan və Fərahim onu avtomobilə
mindirib, günorta saat 15 radələrində evə gətiriblər:

“Əynimdəki köynək cırıldığı üçün Sənanla Fərahimə gözləmələrini, əynimi
dəyişərək gələcəyimi dedim. Sonra evin giriş qapısı bağlı olduğu üçün tüfəng
saxlanılan otağa evin çöl hissəsindən pəncərədən daxil oldum. Tüfəngi və
şkafdan patronları götürdüm, Sənanla Fərahimə tuşladım. Onları qorxutmaq üçün
tüfəngdən bir atəş açdım. Güllə qapıya dəydi. Tüfəngin içində bir dolu giliz
qaldı”.

Kənan qeyd edib ki, bundan sonra Sənanla Fərahim bacısının toyuna gediblər:
“Mən isə evdə qaldım, toya qayıtmadım. Atamla anam axşam saat 18 radələrində
toydan qayıtdılar. Bu vaxt mən də yuxudan oyanmışdım. Dayımsa bizə gəlməmişdi.
Toydakı hərəkətlərə görə ən çox onu yaralamaq istəmişdim.

Atamla anam evə gəlib-gedən qonaqları qarşılayaraq yola saldılar. Onların
yanında özümü heç nə olmamış kimi aparırdım.

Dayımın bizə gəlmədiyini gördüm. Gedib yerimə uzandım. Sonra kəndimizdə
yerləşən çayxanaya getdim. Bir az da orada oturdum”.

Kənanın ifadəsinə görə, təxminən saat 22 radələrində qonşuluqda vay-faydan
internetə daxil olub və bir az sosial şəbəkələrə baxıb: “Sonra evə qayıtdım.
Yemək yedim, bibim oğlu Sənanı evlərinə yola saldım. Darvazanı bağlayaraq evə
girdim. Bibilərim Mahizər və Aynur bacım Aynurə ilə birlikdə yataq otağına
yatmağa getdilər.

Telefonunu akkumulyatora qoşmaq üçün onların yatdığı yataq otağına daxil
oldum. Telefonunu toka qoşdum və bibilərimdən niyə tez yatdıqlarını soruşdum.
Yorğun olduqlarını dedilər”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan bir neçə dəqiqə sonra telefonunu
götürüb və evdən çölə çıxıb: “Günorta qoyduğum yerdən tüfəngi götürmək üçün
getdim. Mən evdən çıxanda atamla anam qapının ağzındakı pilləkəndə
oturmuşdular. Giriş qapısı isə bağlı idi. Evin arxa həyətyanı sahəsində
gizlətdiyim tüfəngi götürdüm və pilləkəndə oturan atamla anama yaxınlaşdım.

Tüfəngi tuşlayaraq atamdan günorta niyə toyda boğazımdan tutduğunu, nəyə görə
mənə qarşı belə elədiyini soruşdum. Atam mənə cavab vermədi. Anam dedi ki,
tüfəngi yığışdır, birdən içində patron olar. Buna baxmayaraq, yenə tüfəngi
tuşladım.

Atam anama “çəkil qırağa, gəlmə, səni vurar” dedi. Mən də ikisindən biri,
hansı mənə tərəf yaxın gəlsə, atacağımı fikirləşdim. Atam üstümə gəldiyi üçün
tüfənglə onun sinəsindən bir dəfə atəş açdım”.

Kənan bildirib ki, atəş açanda anası atasının sağ tərəfində olub: “Anamla
bibim Mahizərin gözləri qabağında tüfənglə atama atəş açdım. Atəşdən sonra onun
sinəsindən qan gəldiyini gördüm. Kənd camaatı bizə yığışdı. Bir neçə dəqiqə
sonra polis əməkdaşları məni tutaraq polis şöbəsinə apardılar. Törətdiyim
cinayət əməlindən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən
Xuramanın sözlərinə görə, Buludla onun iki övladı var: “Ərim kənd təsərrüfatı
ilə məşğul olurdu, evə yeganə pul gətirəniydi, oğluma hər zaman dayaq durur və
onu çox istəyirdi. Oğlumsa uşaqlıqdan dəcəl, özünü idarə edə bilməyən, hər
kəslə dava salan, heç kimlə yola getməyən uşaq olub”.

Xuraman qeyd edib ki, 2019-cu ildə Naxçıvan şəhərində hərbi xidmətdən
qayıdandan sonra Kənan spirtli içkilər içməyə başlayıb: “Ən çox pivə, “Go” adlı
içki və araq içirdi. Spirtli içki içəndən sonra elə vaxtlar olurdu ki, mənə və
atasına pul üstündə hücum edirdi. Biz də özümüzü ondan qorumaq üçün çölə çıxır,
oğlumun yanında oturmurduq.

Həyətdə saxladığımız malları Kənan hər gün sahəyə aparırdı. Bunun müqabilində
atası ona tez-tez siqaret üçün pul verirdi. Oğlum içkili evə gələndə ona yaxın
durmurduq, ondan aralı gəzirdik”.

Hüquqi varis deyib ki, mayın 29-da qızı Aynurəyə “Muğan Məkan” restoranında
toy ediblər: “Aşpazlara nəzarət üçün atası Kənanı səhər saat 8-9 radələrində
restorana göndərdi. Günorta saat 13 radələrində bütün ailə üzvlərimiz toya
getdik. Saat təxminən 4-5 radələrində muğam ifası oxunan zaman Kənan təpiklə
müğənni oturan stola vuraraq, “toyu dağıdın” deyə qışqırdı.

Bunu görən ərim Bulud onu çölə çıxartdı. Qardaşlarım, baldızım uşaqları onu
sakitləşdirməyə çalışdılar. Onu məclisdən uzaqlaşdırdılar və Sənan və Fərahimlə
evimizə yola saldılar”.

Xuraman qeyd edib ki, bundan sonra toyda Bulud ona yaxınlaşıb, Kənanın Sənana
tüfənglə atəş açdığını, buna görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə bu
barədə məlumat verdiyini deyib: “Axşam saat 7 radələrində ərim, baldızmı
Gülarə, Mahizər və yeznəm evə gəldik. Evdə qonaqlar vardı. Restorandan
gətirdiyimiz yeməklərin yerbəyer edilməsində Kənan bizə kömək etdi.

Sonra toya dəvət olunmayan qonşu-qohumlar qızımı təbrik üçün bizə gəldilər.
Qonaqlar üçün həyərdə stol açıldı və yeməklərin stola düzülməsində yenə Kənan
mənə kömək etdi.

Axşam saat 9 radələrində qonaqlar dağılışanda Kənan kənddə yerləşən
mağazalardan birinə getdi”.

Hüquqi varis qeyd edib ki, axşam saat 22-23 radələrində Kənan evə qayıdıb:
“Mən evdə su içirdim, ərim Bulud isə pillənkəndə oturmuşdu. Kənan evdə
paltarlarını dəyişdi, bizdə qonaq olan qonşu Sərxanla birlikdə yemək yedi.
Sonra Sərxanı evlərinə yola saldı və yerinə uzandı. Buludla birlikdə pilləkəndə
oturaraq qızımın toyu barəsində söhbət edirdik.

Hamama keçib, əl-üzümü yudum, geri qayıdanda ərimdən Kənanın harada olduğunu
soruşdum. Bulud da oğlumun telefonunda mahnı oxuda-oxuda evin arxasındakı
məhləyə keçdiyini söylədi. Bir neçə dəqiqə sonra qapının açıldığını və Kənanın
sağ əlində tüfənglə keçdiyini gördüm. “O nədi, Kənan?” deyə soruşdum. Oğlum heç
nə demədi. Ərim dedi ki, lənət şeytana, onunla zarafat eləmə, yerə at.

Ərimlə ayaq üstə dayanmışdıq. Ərimin qabağına keçdim və “Kənan, at tüfəngi
aşağı” dedim. Bulud məni itələdi və özünü qabağa verdi. Kənanın əlindəki
tüfəngi almaq istədi. Bu zaman Kənan tüfəngdən atəş açdı. Həmin vaxt qızım və
baldızlarım da orada idilər.

Ərim bir-iki addım irəliyə gedərək sağ tərəfindən əli ilə tutdu, “Mahizər,
məni vurdu” dedi və sonra gözlərini yumdu, huşunu itirdi. Səsimə bütün kənd
camaatı evimizə toplaşdı. Qonşularımız Elçin avtomobili ilə gələrək Buludu
xəstəxanaya apardılar. Tibbi yardım göstərilməsinə baxmayaraq, yoldaşım
xəstəxanada öldü”.

Hüquqi varis ifadəsinin sonunda oğlu ilə barışdığını, ona qarşı heç bir
şikayəti olmadığını deyib.

Kənan 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Source link