Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Bərdə rayonunda istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub.
ÇıxışYolu.Com-ın regional müxbirinin məlumatına görə, rayonun Səməd Vurğun küçəsində yaşayan Əli Xanış oğlu Məmmədova məxsus həyətyanı sahədən satış üçün nəzərdə tutulan ümumi çəkisi təxminən 200 kq olan istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.
Ətin orqanoleptik baxışı keçirilərkən qaralma, daxili orqanlarında patoloji dəyişiklik müəyyən edilib və istifadəyə yararsız olduğu təsdiq olunub.
Heyvan cəmdəyindən götürülən nümunələr laborator analizdən keçirilməsi məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək, bundan əvvəl də Ə.Məmmədovun həyətyanı sahəsində dəfələrlə yararsız ət aşkarlanıb.
Daha əvvəl Göyçayda tərkibində xəstəlik törədiciləri olan 235 kq ət aşkarlanıb.