670c5bce-c7bb-4d43-bec0-d8d4911e82be..jpg

Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları məlum olub – İTTİHAM AKTI

Baxış sayı: 686 dəfə baxılıb.

Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları məlum olub – İTTİHAM AKTI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin
cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham
aktını elan edib.

Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bəxtiyar Hacıyev
tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti
orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna
alınmış direktor vəzifəsinə özünün özünü təyin etdiyi “HUMAN CAPITAL
CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından çıxış edərək “Caspian
Plaza” biznes mərkəzində müqavilə olmadan icarəyə götürdüyü ofisdə xeyli
miqdarda gəlirləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını
ödəməkdən yayınmaqla davamlı gəlir əldə etmək məqsədilə müqavilə bağlanılmadan,
maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair
rəsmiləşdirmə aparılmadan vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə
turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət
göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları və yay
məktəblərinin təşkili xidmətlərini göstərib.

2016-2018-ci illərdə özünün şəxsən nəzarət və rəhbərlik etdiyi “Premium Class
Azerbaijan” dil mərkəzində əmək müqaviləsi bağlanılmadan ayrı-ayrı müddətlərdə
xarici dillərin tədrisi üçün müəllimlər və ofisin fəaliyyəti ilə bağlı digər
xidmətlərin yerinə yetirilməsinə işçilər cəlb edərək ödənişli əsaslarla
müqavilə bağlamayaraq əcnəbi dil proqramları üzrə hazırlıq dərslərinin
keçirilməsini təşkil edib.

2016-2022-ci illərdə “Caspian Plaza” biznes mərkəzində icarəyə götürdüyü
ofisin otaqlarını və zalını ayrı-ayrı şəxslərə dil kurslarının, təlim, seminar
və müxtəlif tədbirlərin keçirilməsi üçün aylıq və ya bir neçə saatlıq ödənişli
əsaslarla müqaviləsiz subicarəyə verməklə gəlirlər əldə edib.

Bəxtiyar Hacıyev vergi qanunvericiliyinin tələblərini pozmaqla 2016-2022-ci
illər üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə
ümumilikdə 52 min 489 manat 44 qəpik məbləğində xeyli miqdarda vergiləri,
işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə
ödəməkdən yayınıb.

Bundan başqa, Bəxtiyar Hacıyev tamah niyyəti ilə dövlət qeydiyyatına alınmamış
“İctimai Siyasət İnstitutu” (Public Policy Institute) adlı qurumun təsisçisi və
direktoru kimi özünü təqdim edib xeyli miqdarda pul vəsaitlərinin qrant
layihəsi adı altında resipiyent kimi ona ayrılması barədə danışıqlar aparıb
razılıq əldə etmiş, bu məqsədlə o, Azərbaycan Respublikasının hüdudlarından
kənarda fəaliyyət göstərən və Azərbaycan ərazisində qrant vermək hüququ əldə
etməmiş “Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy)
adlı qeyri-hökumət təşkilatı ilə ümumilikdə həmin dövrün məzənnəsi ilə xeyli
miqdarda 81 min 360 manat təşkil edən 45 min 528 avro pul vəsaitlərinin qrant
adı ilə xarici bank hesablarına köçürülməsinə nail olub. 2022-ci ilin
fevral-may aylarında Bakı şəhərində dövlət qeydiyyatına alınmamış “İctimai
Siyasət İnstitutu” adlı təşkilatın “layihə meneceri” kimi çıxış edərək
tədbirlər zamanı qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə,
kompüterlər, kameralar, monitor, mikrofon, yaddaş kartı və digər avadanlıqların
alınmasına görə ödənişlərin edilməsinə dair məzmununa həqiqətə uyğun olmayan
məlumatlar daxil edilmiş hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab
edilən hesabatları qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən
istifadə etməklə xarici donor təşkilatının təmsilçilərinə təqdim edib.

O, qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdiyi
məzənnəyə görə xeyli miqdarda ümumilikdə 133 min 849 manat 44 qəpik məbləğində
xeyli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə əldə etdiyini bilə-bilə əldə
edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq
məqsədilə həmin vəsaitləri 2016-2022-ci illərdə Bakı şəhərində bir neçə bankda
öz adına olan cari hesablarına hissə-hissə nağd şəkildə mədaxil edib. Sonradan
paytaxtın Yasamal rayonu, Zərdabi küçəsi, məhəllə 3166 ünvanında inşa edilmiş 6
saylı yaşayış binasında 3 otaqdan ibarət ümumi sahəsi 124,07 kvadratmetr olan
61 saylı təmirsiz mənzilin öz adına 155 min manata alınmasına sərf edib.

Bundan başqa, Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Muradova
arasında olan məhkəmə baxışının hazırlıq iclası keçirilərkən, B.Hacıyev
məhkəmənin normal iş rejimini kobud surətdə pozub Ülviyyə Muradovanın və
valideynlərinin ünvanına təkrarən ucadan nalayiq ifadələr işlədib. Daha sonra
ona zor tətbiq etməklə və sağlamlığına zərər vurmaqla hədələyib üzərinə hücum
etmiş, əlindəki yumrulanmış kağız bükülüsü ilə qəsdən başına vuraraq əli ilə
qolundan tutub dartıb. Eyni zamanda, icra məmuru Orxan Abdullayevi hər iki əli
ilə qəsdən sinəsindən vurub itələyərək fiziki zor tətbiq etməklə müqavimət
göstərib, yumruqla qəsdən Ülviyyə Muradovanın başına və bədəninin müxtəlif
nahiyələrinə zərbələr endirməklə və itələyərək başını iclas zalının giriş
qapısına vurmaqla onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib.

Təqsirləndirilən Bəxtiyar Hacıyev ona irəli sürülən ittihamla təqsirli
bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası fevralın 16-a təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci
(əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən
fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir
qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən
şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı
iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci
(rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları
saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə)
maddələri ilə ittiham irəli sürülüb.

Source link