Bəyəndik Heydərov: “Dövlətimiz Füzulidə cənnət yaradır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Allah bütün məcburi köçkünlərə öz yurd-yuvalarına dönməyi nəsib etsin”.
Bunu Cixisyolu.com-a açıqlamasında Füzulidən olan keçmiş məcburi köçkün Bəyəndik
Məhəmməd oğlu Heydərov deyib.
O bildirib ki, ən böyük arzusu Füzuli şəhərinə köçməkdir:
“Mən Füzulinin Dövlətyarlı kəndindənəm. Ən böyük arzum Füzuli şəhərinə
köçməkdir. Yaxın qohumlarımı yola salmağa gəlmişəm. Allah mənə də doğma yurda
köçməyi nəsib etsin.
Çox ağrılı-acılı günlər yaşadıq. Yataqxanalarda, pansionlarda köçkünlük həyatı
sürdük. Çox şükür ki, o günlərimiz artıq geridə qaldı. Bu gün dövlətimiz
Füzulidə cənnət yaradır, abadlaşdırır, qurur, tikir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu
mərhələdə daha 35 ailə (138 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2 517 nəfərin daimi
məskunlaşması təmin edilib.
Aytac Qasımova