Azərbaycanda elan olunmamış müharibə gedir, tanklar və topların deyil, “gülənçi” və “nurçu” kimi yarlıqların silah rolunu oynadığı bir müharibə.
Son illər bir sıra KİV-də dərc olunmuş materialları təhlil edərkən, belə bir nəticəyə gəlmək olar.
Son illər öz səliqəli və təşkil olunmuş işi ilə xalqına və dövlətinə sadiqliyini sübut etmiş onlarla şəxs bir sıra mətbuat orqanlarının hədəfinə çevrilərək, “gülənçi”lərə – qardaş Türkiyədə fəaliyyəti qanundan kənar elan edilmiş və Azərbaycanda da alqışlanmayan Fətullah Gülənin terror təşkilatının ardıcılları damğası ilə ləkələnib.
Bir tərəfdən, “gülənçilik” kimi vəba ilə mübarizə doğru işdir, lakin dövlətçilik maraqlarına xidmət edən şəxslərin ünvanına ittihamlar səsləndirildikdə, KİV-dəki ittihamların məlumatın jurnalist araşdırması olduğunu söyləməyə əsas verən heç bir sübutu olmadıqda, yazıların “nurçu” sözünün tez-tez təkrarlandığı (yəqin, inandırıcı görünmək üçün?!) söz yığınından ibarət olduğunu gördükdə, istər-istəməz müəyyən nəticə çıxarmağa məcbur olursan.
Daha doğrusu, bəzi “KİV”-nin yazılarını nəzərdən keçirdikdə birmənalı şəkildə bu nəticəyə gəlmək olar ki, bu gün Azərbaycanda müəyyən dairələr tərəfindən “cadugər ovu” aparılır, Azərbaycanda sovet dövrünün donosbazlarının ardıcılları, senator Makkartinin ardıcılları indiyədək qalmaqdadır.
Əgər kimsə onların qaydaları ilə hərəkət etmirsə, özünün yeni, ölkəyə və dövlətə lazım olan fəaliyyətini qurursa, avtomatik olaraq, paxıllıq rejimi qoşulur və yeganə məqsədi öz ölkəsinə, xalqına və prezidentinə xidmət olan insanlara qarşı kampaniya başlayır.
Digərlərinin uğurlarının fonunda öz nüfuzu və əhəmiyyətini itirmək qorxusu yaşayan bu insanlar hər vəchlə irəlidə gedənləri damğalamağa çalışır və bununla da, arzuolunmaz qonşunun bir günün içində xalq düşməninə çevrilə biləcəyi sovet donosbazlığı dövrünün hərəkətlərini təkrarlayırlar.
Tarixdən danışdıqsa, gəlin, SSRİ-də donos yazanların fəaliyyətinin, Makkartinin düşünülməmiş ittihamlarının nəticələrini xatırlayaq – onlar ilk növbədə, öz şəxsi maraqlarına xidmət edən ittihamlarla nə qədər insanın həyatını məhv etdilər?!
Qonşunun arvadını bəyəndin və onu ələ keçirmək istəyirsən? Donos yaz, qonşunu xalq düşməni elan et!
Kiminsə həyata baxışları səninkindən fərqlidir? Onu kommunistləri dəstəkləməkdə ittiham et və hər şeyini əlindən al!
Sovet İttifaqında yalançı ittihamların qurbanlarını adbaad sadalamaq çətin işdir – siyahılarda təkcə əmlakını deyil, həyatını da itirmiş yüz minlərlə insan var.
Bəs, senator Makkartinin tərəfədarları kimləri kommunistlərə simpatiya bəsləməkdə ittiham edirdilər – siyahıda Çarli Çaplin, Albert Eynşteyn, Robert Oppenheymerin adları var idi!
Tarix həmişə öz düzəlişlərini edir, ədalətin daim bərqərar olmaq kimi bir adəti var. Sovet İttifaqı daha yoxdur, Cozef Makkarti ifşa olundu və alkoqolizmdən öldü.
Azərbaycanda müəyyən insanlar öz oyunlarını oynayır, öz “cadugər ovunu” aparırlar. Lakin tərəqqi onların işini asanlaşdırıb – indi donos yazmaq lazım deyil, azad və demokratik bir ölkədə belə donoslar heç kimə lazım deyil. Parlamentdə dinləmələrə ehtiyac yoxdur.
Hər şey çox asandır – Azərbaycanda media üçün yaradılmış şərait, söz azadlığı sayəsində kiçik bir KİV yarat və kim sənin subyektiv rəyinə, sənin maraqlarına cavab vermirsə, onu damğalamağa başla. Bundan asan nə ola bilər ki?!
Şəxsi səriştəsizliyinin nəticəsi olaraq insanı özünə təhdid hesab edirsən – hər şey sadədir, buyruq qulu olan, pul yeyintisi və təmiz adamlara qarşı dövri hücumlar təşkil etmək məqsədilə yaradılmış KİV-ə komanda ver və onlar adamları nədə istəsən, ittiham edəcəklər – ermənidən tutmuş “gülənçi”yə qədər.
Son illər Azərbaycanın xüsusi xidmət orqanları – DTX, DİN belə buyruq qulu KİV-ə – yeganə qayğısı insanları maarifləndirmək və məlumatlandırmaq deyil, şantaj, təhdid və rüşvət almaq olan media orqanlarına qarşı fəal mübarizə aparır.
Mübarizə kifayət qədər sərt, effektiv aparılır və artıq bir sıra “baş redaktorlar” həbsxanalarda layiq olduqları yeri tutublar. Digər tərəfdən, mübarizəni belə şəkildə aparmağın mənası varmı? Kərtənkələnin quyruğunu qoparmağın nə mənası, əgər o quyruq yenidən bitəcəksə?!
Bəlkə birdəfəlik başdan başlamaq, öz əhəmiyyətini, lazımlılığını sübut etmək üçün bütün tərəqqipərvər qüvvələrə müharibə elan etmiş bu bədheybətin başını əzmək lazımdır?!
Öz növbəmizdə, biz jurnalist araşdırması apararaq, hər şeyi ölkənin deyil, şəxsi rifahı üçün edən həmin bu nüfuzlu şəxsin adını açıqlamaq hüququnu özümüzdə saxlayırıq.