c75b7854-8f1e-433d-9fd4-274dd994b535..jpg

Bəzi dairələr təsis etdikləri fondlar hesabına Azərbaycan daxilində sabitliyi pozmağa çalışırlar – RƏY + FOTO

Baxış sayı: 831 dəfə baxılıb.

Bəzi dairələr təsis etdikləri fondlar hesabına Azərbaycan daxilində sabitliyi
pozmağa çalışırlar – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi dairələr təsis etdikləri fondlar hesabına Azərbaycan daxilində sabitliyi
pozmağa çalışırlar”.

Bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov
bildirib.

Onun sözlərinə görə, ABŞ və Qərbin bir çox fondları müstəqil siyasət yürüdən
dövlətlərin uğurlarını əlindən almaq üçün iş aparırlar:

“Onlar gizli yollarla ayırdıqları maliyyə vəsaitləri ilə mətbuat orqanları,
QHT-ləri maliyyələşədirir və öz sifarişlərini icra etdirirlər. Qərbin bu çirkin
planlarının qarşısını vaxtında ala bilməyən ölkələr də xalqı dövlətə qarşı
qaldıraraq rəngli inqilabların təşkil olunmasına nail olurlar. Sonra da öz
adamlarını hakimiyyətə gətirərək firavan yaşayan xalqların həyatını cəhənnəmə
döndərirlər. Ərəb baharları gözümüzün qarşısında baş verib. Ukraynada nail
olduqları narıncı inqilabın nəticəsidir ki, bu gün ölkə müharibə burulğanında
çətin vəziyyətə düşüb. Gürcüstanda isə torpaqlarının itirilməsi ilə
nəticələnib. Eyni zamanda Rusiyada da həyata keçirmək istədikləri planların
qarşısı alındı”.

A.Badamov deyib ki, Soros, USAID, Samanta Pauer və digər fondlar Azərbaycanda
da dağıdıcı planlarını həyata keçirməyə çalışdılar:

“Belə ki, “Abzas Media”nı, “Toplum TV”ni, müəyyən QHT-ləri, radikal müxalifəti
və sairə maliyyələşdirirlər və ölkəmizdəki siyasi sabitliyi pozmaqla xalqı
dövlətə qarşı çıxmağa çalışırlar. Təbii ki, Azərbaycan dövlətinin təhlükəsizlik
orqanları dövlətə qarşı cinayətkar məqsədlərini həyata keçirmək istəyənləri
vaxtında müəyyən edir və neytrallaşdırır. Bu gün ərazilərimizin suverenliyini
təmin etməyimizi, zəfərə imza atmağımızı və müstəqil siyasət yürütməyimizi həzm
edə bilməyən dairələr özlərinin təsis etdiyi fondlar hesabına ölkəmizin
daxilində sabitliyi pozmağa çalışırlar. Onlar birmənalı şəkildə bilməlidirlər
ki, digər ölkələrdə həyata keçirmələrinə nail olunmuş oyunlar Azərbaycanda baş
tutmayacaq. Çünki ölkəmizdə sarsılmaz birlik var və fevralın yeddisində
keçirilmiş seçkidə xalqımızın yüksək faizlə öz dövlət başçısına yenidən etimad
göstərməsi həmin dairələrə verilən ən düzgün cavabımızdır. Bununla yanaşı,
dövlətə qarşı iş apararaq cinayət törədən hər kəs əməlinə görə cəzasını
almalıdır”.

Milli Məclisin üzvü vurğulayıb ki, Qərb Azərbaycanda demokratiya, insan
haqları, söz azadlığının olmadığını və siyasi baxışlarına görə həbslər
keçirildiyini bildirməklə saxta ittihamlar səsləndirir:

“Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmur. Bununla yanaşı,
demokratiya pərdəsi altında insanlar arasında dövlətə qarşı fikir yaratmasına
da heç kimə imkan verilməyəcək. Burda sual olunur ki, ABŞ və Qərbdə insan
haqları, söz azadlığı qorunurmu? Qərbin bu məsələlərə aidiyyəti yoxdur. Əgər
belə olmasaydı, Edvard Snouden, Culian Asanc və digərlərinə qarşı məxfi
məlumatların yayılması bəhanəsi ilə təqib və həbslər həyata keçirməzdilər.
Onların da hüquq və azadlıqları təmin olunmalıydı. Fransada öz fikirlərini
ifadə etrmək üçün dinc aksiya keçirən insanlar polis dəyənəyi altına salınaraq
həbsxanalara atılmazdılar. Yeni Kaledoniyaya ezam olunmuş AZƏRTAC-ın jurnalisti
Aygün Həsənovanın Fransa polisi tərəfindən qeyri qanuni həbs olunaraq
işgəncələr verilməsi, deportasiya edilməsi söz azadlığının və jurnalisitin
informasiya almaq hüququnun tapdalanması deyildimi? Belə misalları çox çəkmək
olar. Təbii ki, onlar bu mövzuları milli müstəqilliyinə qovuşmuş ölkələrin
müstəqlliklərini əllərindən almaq üçün silah kimi istifadə edirlər”.

A.Badamov söyləyib ki, Azərbaycan dövləti demokratiyanı, insanların hüquq və
azadlıqlarını, mətbuat azadlığını Qərbin xoşuna gəlməsi üçün təmin etməyib:

“Ölkəmizdə bütün hüquqlar vətəndaşlarımızın firavan yaşaması üçün təmin
olunub. Amma heç kimə də təmin edilmiş hüquqlardan sui-istifadə edərək dövlətə
qarşı istifadə olunmasına da imkan verilməyəcək. Biz bundan sonra da ölkəmizə
basqılarla və təxribatları həyata keçirmək cəhdləri ilə qarşılaşacağıq. Lakin
xarici və daxili düşmənlərimizin çirkin planları heç vaxt ayaq tutub
yeriməyəcək”.

Source link