Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına
yeni gömrük rüsumu müəyyən olunub.
Nazirlər Kabinetindən Cixisyolu.com-a verilən xəbərə görə, bu qərar yerli
istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın
rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli
sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr
tarixli 500 nömrəli Qərarına əsasən bir sıra diri və soyudulmuş balıq
növlərinin idxalına 0% dərəcəsində, təhlükəsizlik ayaqqabılarının idxalına isə
15% dərəcəsində gömrük rüsumu müəyyən olunmuşdu.
Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il
tarixinədək bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük
rüsumları 0% dərəcəsindən 15% dərəcəsinə yüksəldilir, həmçinin təhlükəsizlik
ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən
artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində
müəyyən olunur.
Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına
münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.