845f1cbe-2b1c-46aa-9354-1318fbd2f6bb.jpg

“Babəkin abidəsinin yubanması atamın günahı deyil” – Heykəltaraşın ailəsindən REAKSİYA

Baxış sayı: 213 dəfə baxılıb.

Xürrəmilər hərəkatının rəhbəri, ərəb xilafətinə qarşı azadlıq müharibəsinə
rəhbərlik etmiş Azərbaycan sərkərdəsi Babəkin abidəsinin qoyulmasının yubanması
ilə bağlı heykəlin müəllifi, mərhum Arif Qazıyevin ailəsi münasibət bildirib.

Heykəltaraşın qızı İlahə Əliyeva Bizim.Media-ya açıqlamasında Xalq rəssamı,
memar Cəlil Hüseynovun atası haqda dediyi fikirlərə cavab verib.

O, C.Hüseynovun heykəlin yubanmasına görə atasının ünvanına səsləndirdiyi
fikirlərlə razılaşmayıb:

“Cəlil müəllim deyib ki, heykəlin qoyulması atamın ucbatından yubanıb. Mən
bununla qəti razı deyiləm. Əgər Cəlil müəllim deyirsə, bütün səhvlər
müəllifdədir, maliyyə problemi yox idi, qoy onda o, digər məsələlərdən də
danışsın. Məsələn, heykələ görə bağlanan müqavilədən başlasın. Atamın
vəfatından 4 il keçib. Amma mən hələ də həmin işlə bağlı imzalanan dövlət
müqaviləsini ondan ala bilmirəm. Bu məsələ ilə bağlı Cəlil müəllimdən dəfələrlə
xahiş etmişəm, amma zənglərimə cavab vermir”.

Bu müqavilə Babəkin abidəsinə ayrılan ümumi maliyyə vəsaitinin, atama ayrılan
qonorar həcminin əks olunduğu sənəddir. Mən həmin müqavilədə atamın imzasının
olub-olmadığını görmək istəyirəm. Dəfələrlə ondan həmin müqaviləni göstərməsini
xahiş etmişəm, amma verməyib. Deyir ki, müqavilə itib, həmin şirkət də bağlanıb.

O zaman Cəlil müəllim həmin müqaviləni bağlayanda işə başqa bir şirkəti
qoşmuşdu. O müqaviləni atam da görməmişdi. İşin maliyyə tutumu, qonorarı haqda
məlumatsız idi. Belə başa düşürəm ki, atam işin müəllifi olduğu üçün sənəddə
onun imzası tələb olunmayıb, amma sənəddə nə yazıldığından xəbərsiz olub.

Mənim əlimdə yalnız bir müqavilənin surəti var. O da podratçı şirkətlə
bağlanan razılıq sənədidir. Orada da detallar yoxdur.

İlahə Əliyeva atasının bu iş üçün çox zəhmət çəkdiyini vurğulayıb:

“2011-ci ildə Prezident İlham Əliyev Babəkə heykəl qoyulması ilə bağlı
sərəncam imzaladı və bu iş atama həvalə edildi. Çünki atam 70-ci illərdən bu
işlə məşğul olurdu. O, “Babək”i bir neçə variantda hazırlamışdı. Hələ o illərdə
tez-tez Ziya Bünyadovla görüşüb, abidə ilə bağlı onunla məsləhətləşirdi. Çox
adam deyir ki, Babəkə heykəl qoymaq nəyə lazımdır? O, İslam dininin əleyhdarı
olub. Halbuki belə olmayıb”.

Atam o vaxt Ziya Bünyadovla, ərəb mütəxəssisləri ilə bu barədə danışırdı,
arxivlərə baxırdı. O, Babəklə bağlı dəqiq təəssüratın yaranmasına çalışırdı.
Gerçək Babəkə uyğun obraz hazırlamaq üçün hər tarixi detala fikir verirdi.

Heykəltaraşın qızı atasının bu işə qədər bir sıra tarixi şəxsiyyətlərə abidə
hazırladığını da qeyd edib:

“Cəlil müəllimin sözündən belə çıxır ki, atamın “kaprizləri” vardı və iş onun
bu xırdaçılıqları, səhlənkarlıqları üzündən yubanıb. Halbuki o, “Babək”ə qədər
“Koroğlu”, “Cavanşir” kimi tarixi qəhrəmanlarımızın da heykəllərini yonub. Belə
işlər ərsəyə gətirən adam bu cür nəhəng, Qafqazın ən böyük heykəli olacaq işə
necə səhlənkar yanaşa bilərdi? O, yaradıcı işlərinə ciddi yanaşan adam idi. Heç
bir işini qonorar xatirinə görməyib.

İlahə Əliyevanın fikrincə, bütün yaradıcı işlərin ərsəyə gəlməsi vaxt alır:

“İncəsənət əsərlərinin belə uzun zamana hazırlanması normal haldır. Üstəlik,
maliyyəsi qırıq-qırıq verildiyi üçün bu qədər vaxt alması təəccüblü deyil.
Məsələn, Fuad Abdurrəhmanov Mehdi Hüseynzadənin (Mixaylo) heykəlini 14 ilə
hazırlayıb. Babəklə müqayisədə o, balaca bir heykəldir. O heykəl müəllifin
vəfatından neçə il sonra, ümummilli liderimiz Heydər Əliyevin göstərişindən
sonra qoyuldu. Bəs, atamın hazırladığı heykəl niyə yarıda qalıb, bunu anlaya
bilmirəm”.

İ.Əliyeva deyib ki, son zamanlar bir neçə dəfə kombinata baş çəkib:

“İşçilər deyir ki, heykəlin 30-40 faiz bürüncləmə işi qalıb. Sırf texniki
məsələlərdir. Eyni zamanda, qardaşım Samir Qazıyev də heykəltaraşdır. Əgər
müəllifin son varianta baxmasına ehtiyac olsa, bunu qardaşım edə bilər. Çünki
atam heykəllə bağlı fikirlərini qardaşımla paylaşırdı. Deməyim odur ki, o
heykəl yiyəsiz qalmayıb”.

İlahə Əliyeva bildirib ki, heykəlin hazırlanmasına böyük vəsait xərclənib və
abidə demək olar ki, hazırdır:

“Xırda-para işlər qalıb. Belə olan halda onu necə başqa müəllifə vermək olar?
Bunun üçün yenidən dövlət büdcəsindən vəsait ayrılacaq? Əldə bu iş ola-ola, onu
yenidən başqasına gördürmək nə dərəcədə doğru olar? Özü də hələ işin hansı
keyfiyyətdə, hansı səviyyədə olacağı hələ heç kimə bəlli deyil.

Mən yenə də altını cızaraq deyirəm ki, atam bu işi ərsəyə gətirmək üçün
illərlə araşdırma aparıb, zəhmət çəkib. Buna rəğmən, işi başqasına
verəcəklərsə, deyəcək başqa sözümüz yoxdur. Amma atamın adını belə
hallandırmasınlar.

Xüsusilə də özü həyatda olmayan adamın arxasınca belə danışmaq bizi çox
ağrıdır. Çox istərdim ki, atamın bu bəxti açılmayan “Babək” əsəri ilə bağlı
komissiya yaradılsın. Bu heykələ, onun hazırlanmasına, ona xərclənən vəsaiti
mütəxəssislər araşdırıb, qiymət versinlər”.

Qeyd edək ki, İlahə Qazıyeva müsahibəni verdikdən sonra Bizim.Media ilə əlaqə
saxlayıb. O, bildirib ki, Bakı şəhər İcra Hakimiyyətində olub. Qurumdan
bildirilib ki, bir neçə günə ona Mədəniyyət Nazirliyinə təqdim olunması nəzərdə
tutulan müvafiq sənəd veriləcək.

Source link