5d5b1122-6f4e-48c7-9012-684f063a37fc..jpg

Bacısını uşaqlarının gözü önündə öldürən şəxs: “Başımızı yerə soxmuşdu”

Baxış sayı: 671 dəfə baxılıb.

Bacısını uşaqlarının gözü önündə öldürən şəxs: “Başımızı yerə soxmuşdu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Vəfa
Nurəddin qızı Həsənovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirməkdə
təqsirləndirilən qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun cinayət işi
üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi
ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2004-cü ildə hərbi xidmətdə olarkən bacısı bir
nəfər qoşulub qaçıb. O, hərbi xidmətdən gəldikdən sonra ailələri barışıb, Vəfa
onlara gəlib-getməyə başlayıb və bacı-qardaş kimi onların normal münasibətləri
olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin aprel ayında bacısının
əxlaqsızlıqla məşğul olmasını eşidib:

“Bacım həmin vaxta qədər də əxlaqsızlıqla məşğul olurmuş, lakin məndən başqa
bunu hamı bilirmiş. Sonra təxminən may ayının ortalarında anamla birlikdə
Vəfanın evinə getdik. Ona etmiş olduğu hərəkətin bizim başımızı aşağı elədiyini
və qohum-əqrəba içərisində hörmətdən düşdüyümüzü dedim. Bacım isə nə mənim, nə
də anamın sözünü eşitdi və bizə – “özüm bilərəm, istədiyim kimi yaşayıram,
mənim həyatımın heç kimə aidiyyəti yoxdur”, – deyə bildirdi. Bu hadisədən bir
neçə gün sonra bacım oğlu telefonuma zəng vuraraq anasının evdən çıxdığını,
tapa bilmədiyini və buna görə də polis şöbəsinə gedəcəyini söylədi. Sonra o,
polis şöbəsinə gedərək bu barədə məlumat verdi. Şöbənin həyətinin qarşısında
yeznəm mənə Vəfa ilə bacara bilmədiyini və bacımın onu da söyərək təhqir
etdiyini dedi. Bir qədər sonra polis əməkdaşları bacımı tapdı, şöbədən çıxaraq
yaşadığım evə getdim. Bu hadisədən sonra öz həyatıma davam etsəm də, yenə də
bacımın əxlaqsız əməlləri barədə məlumat aldım və dost-tanış arasında hörmətdən
düşdüm.

Bu məqsədlə yenə 2023-cü il iyunun 24-də saat 17 radələrində Vəfanın yaşadığı
evə getdim. Həyətin darvazasının qapısı bağlı idi və qapını döydükdə bacım oğlu
qapını açdı. Evə daxil olduqda yeznəm zalda əyləşmişdi, bacım isə qızı ilə
birlikdə yataq otağında çarpayının üzərində idi. Bacıma bir daha bu əməllərinə
son qoymağı, lazım gələrsə, ona maddi yardım etməyə hazır olduğumu dedim. Lakin
Vəfa sözlərimə qulaq asmadı və əsəbi halda – “bu həyat mənimdir, istədiyim kimi
də yaşayaram”, – deyə söylədi. Əməllərinə son qoymasını xahiş etsəm də, Vəfa
yenə də eyni cavabları verdi. Əsəbiləşdim və evin içərisinə doğru giriş
otağının yanına getdim. Orada olan mətbəx bıçağını götürüb, şalvarın belinə
qoyaraq yenidən Vəfanın olduğu yataq otağına daxil oldum. Otaqda bir daha
bacıma – “gəl çıxaq gedək, sən bizim başımızı aşağı eləmisən”, – dedim. Vəfa
yenə eyni cavab verib ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək
bacımın üz nahiyəsindən iki dəfə şillə vurdum və şalvarın belinə qoyduğum
bıçağı çıxararaq Vəfanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə
endirdim. Həmin vaxt otaqda bacım qızı da var idi, ona fikir verməmişdim. Daha
sonra evdən çıxdım, bıçağı həyətə atdım və könüllü təslim olmaq üçün Bərdə
Rayon Polis Şöbəsi istiqamətində avtomobil yoluna tərəf getdim. Təxminən saat
18 radələrində asfalt yola çıxdıqda PPX-nin əməkdaşlarının olduğu maşını
gördüm, onlara yaxınlaşaraq cinayəti törədənin özüm olduğunu bildirib təslim
oldum. Sonra polis əməkdaşlarının avtomobilinə əyləşdim. Onlar da məni polis
şöbəsinə apardılar və orada törətdiyim cinayət əməlini etiraf etdim”.

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası
verilib.

Source link