acb04c16-80ec-4476-a17a-3eecff9a68ec..jpg

Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu… – Biləsuvarda dəhşətli cinayətin TƏFƏRRÜATI

Baxış sayı: 751 dəfə baxılıb.

Bacısının intiharına səbəb olan şəxsə iki güllə vurdu… – Biləsuvarda
dəhşətli cinayətin TƏFƏRRÜATI

Biləsuvar rayonunda 1985-ci il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində
yaranan münaqişə zamanı həmkəndlisi Babanı (adlar şərti verilib – red.) qətlə
yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mərdanın bacısı Sevda Baba ilə
intim münasibətdə olub. Bu münasibətdən sonra Sevda 5 sentyabr 2014-cü ildə
intihar edib.

Mərdan Babanın bu hərəkətinin şəxsi və ailə ləyaqətinə toxunan, onları camaat
arasında nüfuzdan salan hərəkət kimi qiymətləndirib. Uzun müddət Babadan qisas
almağı planlaşdırıb.

Niyyətini həyata keçirmək məqsədi ilə 7 dekabr 2022-ci ildə Babanı öldürmək
qərarına gəlib. Cinayət törədiləcəyindən xəbərsiz olan qonşu Əlidən azyaşlı
övladının ayağını dişləmiş iti vuracağı adı ilə ov tüfəngini götürüb. Dekabrın
8-də gecə saat 2 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində Biləsuvar
rayonunun kəndində Babanın yaşadığı evin qarşısına gəlib.

O, Babadan israrla küçəyə çıxmağı tələb edib. Evdən çıxan Babaya atəş açıb.
Baba aldığı güllə yarasından vəfat edib.

“Öldürmək qərarına gəldim”

İstintaq orqanı tərəfindən Mərdanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərdan ittiham
üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildə bacısı Sevda zəhər
içərək intihar edib: “Həmin vaxt Sevdanın üzərində olan paltarlara baxış
keçirilərkən onun cibindən çıxan kağız parçasında özünü öldürməsinə səbəb kimi
həmkəndlimiz Babanın olduğunu qeyd edib.

Bundan bir müddət sonra Babanın namusumuza sataşması mənə məlum oldu. Həmin
gündən Babanı öldürmək qərarına gəldim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqustunda Baba ilə
yeməkxanada rastlaşıb: “Bacımla əlaqədar söhbəti açdım, mübahisə etdik. Baba
məni təhqir edərək üzümə şillə də vurdu. Ona görə onu öldürmək qərarımı
tezləşdirmək istədim”.

“Zəng etsəm də, telefonu bağlı idi”

Mərdan deyib ki, dekabrın 7-də Babanı öldürmək məqsədlə həmkəndlisi Vüsala
zəng edərək uşağının ayağını dişləyən iti vurmaq adı ilə ondan tüfəngini
istəyib: “Vüsal tüfəngi mənə vermədi. Sonra yaxın qonşum Əliyə zəng edib, eyni
bəhanə ilə ondan tüfəngini istədim. Əli də patronu olmadığını bildirdi və
tüfəngi verməkdən imtina etdi.

Biləsuvar şəhərində yerləşən bazara getdim, 10 ədəd patron aldım, sonra
Əligilə getdim. Təkidlə xahiş edərək tüfəngi ondan aldım.

Tüfəngi Əlidən götürəndən sonra mobil telefonumu söndürdüm və cibimdə olan
patronlardan ikisini tüfəngə qoyaraq Babanın yaşadığı evin yaxınlığına getdim.
Babaya məxsus ət dükanının üzərində yazılmış mobil telefon nömrəsini götürdüm,
həmin gün gecə saat 22 radələrində onun telefonuna 2-3 dəfə zəng etsəm də,
telefonu bağlı oldu”.

“Mənə “gözlə Baba gəlir” deyə bildirdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, gecə saat 2 radələrində Babanın
yaşadığı evin yaxınlığında elektrik dirəyinin yanına gəlib və zəng edərək
onunla görüşmək istədiyini bildirib: “Babanın telefonda mənə hərarəti olduğunu,
çölə çıxa bilmədiyini dedi, telefonu söndürdü. Mən təkrar zəng edərək ona çölə
çıxmasını bildirsəm də gəlməyəcəyini dedi.

Babanın gəlmədiyini gördükdə çiynimdə olan tüfəngi elektrik dirəyinə söykədim.
Sonra Babanın yaşadığı evin həyətinə girərək onu çağırdım. Səsimə bir qadın
cavab verdi, məndən kim olduğumu soruşdu. Mən də adımı dedim, mənə Baba lazım
olduğunu söylədim. Qadın mənə “gözlə, Baba gəlir” deyə bildirdi. Mən tüfəngi
qoyduğum yerə qayıtdım. Elektrik dirəyinin arxasında dayanaraq Babanı gözləməyə
başladım.

Baba yaşadığı evin həyət darvazasından yola çıxdı. Olduğum yerə çatmasına
təxminən 2-3 metr qalmış elektrik dirəyinin arxasından çıxdım, ona
yaxınlaşmamağı bildirdim. Sonra bir dəfə Babaya atəş açdım. Baba üzü üstə yerə
yıxıldı. Yaxınlaşıb bel nahiyəsinə atəş açdım.

Babanın öldüyündən əmin olandan sonra evimə qayıtdım. Yolda tüfəngin
içərisində olan işlətdiyim iki ədəd boş patronu həmin ərazidə yolun kənarına,
mağazanın yaxınlığına atdım. Lakin həyəcanlı olduğumdan dolu patronları hara
atdığımı xatırlamıram”.

“Xoş niyyətlə gəlmədiklərini bildirdim”

İş üzrə zərərçəkmiş Babanın hüquqi varisi qismində çıxış edən həyat yoldaşı
Kəmalənin sözlərinə görə, fermaları yaxın olduğundan Mərdangilin ailəsi ilə çox
yaxın münasibətdə olublar: “Lakin 2014-cü ildə həyat yoldaşıma onların xoş
niyyətlə bizə gəlmədiklərini bildirdim.

Sonra Sevda özünü zəhərləyərək intihar etdi. Onun cibindən çıxan kağızda
ölümünə Babanın səbəb olduğu yazılmışdı. Ancaq bu, düzgün deyildi. Buna
baxmayaraq Sevdanın ailəsi ilə bizim aramızda heç bir narazılıq olmadı”.

“Qan içində gördüm”

Hüquqi varis qeyd edib ki, dekabrın 8-də gecə Babanın mobil telefonuna zəng
gəlib, Baba telefonda danışarkən xəstə olduğunu, çölə çıxa bilməyəcəyini
bildirib: “Baba telefonu söndürəndən sonra ondan zəng edən şəxsin kim olduğunu,
nə baş verdiyini soruşdum. O da Vasifin oğlu Mərdan zəng elədiyini söylədi.

Mərdan 3-4 dəfə zəng elədi, görüşmək istədiyini bildirdi. Baba hər dəfə ona
xəstə olduğunu, çölə çıxa bilməyəcəyini, sonra görüşüb söhbət edəcəyini dedi.

Axırıncı zəngdən təxminən 5-10 dəqiqə sonra qayınanam çağıraraq Mərdanın
Babanı həyətdə gözlədiyini bildirdi. Bundan sonra Baba getdi.

Babanın qayıtmadığını gördüm, narahat oldum. Bu barədə qayınatam və qaynıma
xəbər verdim. Bundan təxminən bir saat sonra qaynım zəng edərək Babanın
öldüyünü dedi. Evdən küçəyə çıxdım, ətrafda çoxlu polis əməkdaşlarının olduğunu
gördüm. Baba yaşadığımız evdən bir qədər aralıda – asfalt yolun üzərində qan
içində üzü üstə uzanmışdı”.

12 il 6 ay cəza aldı

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Mərdan 12 il 6
ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi
tərəfindən apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin ittiham
olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə işə xitam verilməsini,
cinayət işinin yenidən ağırlaşdırıcı halların araşdırılması üçün prokurora
qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxsə qarşı
irəli sürülmüş ittihama görə o, mərhum bacısının Baba ilə əlaqəsinin olmasını,
bacısının 5 sentyabr 2014-cü ildə intihar etməsi səbəbindən onun öldürmək
qərarına gəlib və bu niyyətini 8 il sonra həyata keçirib.

Şikayətçi qeyd edib ki, təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq
niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə cinayət əlamətlərinin
mövcudluğunu nəzərə alaraq, ona daha ağır ittihamın verilməsi üçün cinayət
işinin ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora
qaytarılması barədə vəsatət versələr də, vəsatətləri təmin olunmayıb.

Daha ağır cəza tələb olundu

“Təqsirləndirilən şəxs həqiqətən qisas almaq məqsədi ilə Babanı öldürmüşdüsə,
o zaman niyə görə 8 il gözləyib, eyni zamanda həmin hadisədə adı hallanan Səlim
adlı şəxsdən qisas almayıb? Halbuki Biləsuvar Rayon Prokurorluğunda 2014-cü
ildə aparılmış araşdırmada təqsirləndirilən şəxsin bacısının ölümü ilə bağlı
Babanın və Səlimin heç bir məsuliyyəti müəyyən olunmayıb.

İş üzrə ifadə verən şahidlər də mərhum Baba ilə təqsirləndirilən şəxs arasında
heç bir ədavət və düşmənçilik olmadığını, bu barədə heç nə eşitmədiklərini
bildiriblər.

“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin
Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 6-cı bəndində
göstərilib ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci
maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki,
təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş
əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı
qoymaqla cinayət törədir. Göründüyü kimi təqsirləndirilən şəxsin mərhumu heç
bir səbəb olmadan həyatdan məhrum edib. Onun bacısının qisasını almasını
bildirməsi isə özünümüdafiə xarakterli bəhanəsidir”, – deyə şikayətdə qeyd
olunub.

Nümayəndə apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı başlanana qədər
apellyasiya şikayətini dəqiqləşdirib. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi
ilə təqsirləndirilən şəxsə təyin edilmiş 12 il 6 ay azadlıqdan məhrum etmə
cəzasını ağırlaşdıraraq ona 14 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza
təyin edilməsini xahiş edib.

Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb.

Apellyasiya şikayəti təmin edilməyib.

Source link