Badmintonçumuz Edi Reski Dviçayo Misirin paytaxtı Qahirə şəhərində keçirilən “International Series” kateqoriyalı “Egypt International 2019” turnirinin qalibi olub.
Azərbaycan Badminton Federasiyasının verilən məlumata əsasən, Edi kişi badmintonçuların şəxsi yarışında 1/16 finalda portuqaliyalı Duarte Nuno Anje üzərində 2:0 (21-12,21-6) hesablı qələbə qazanıb. Edi növbəti görüşündə hindistanlı Dhruv Ravatı 2:0 (21-14,21-14) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Qələbə seriyasını bu mərhələdə də davam etdirən Edi rəqibi üzərində 2:0 (21-16,21-11) hesablı qalibiyyət əldə edib.
Edi yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb. İlk setin gedişində ayağı burxulan Niluka, görüşü yarıda dayandırmaq məcburiyyətində qalıb. Beləliklə, finala yüksələn Edi əbəs yerə turnirin 1 nömrəli reytinq favoriti olmadığını final görüşündə də nümayiş etdirib. Həlledici görüşdə Çex Respublikası badmintonçusu Milan Ludiki 2:0 (21-17,21-12) hesabı ilə məğlub edən Dviçayo “Egypt International 2019” turnirinin qızıl medalını qazanıb. Edi turnirin qalibi olmaqla yanaşı reytinq ehtiyatını da zənginləşdirib.Badmintonçumuz aktivinə 2500 reytinq xalı yazdırıb.
Turnirə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni isə ilk görüşündə son iki ayda “LI-NING Czech Open 2019” və “LI-NING Cyprus International 2019” turnirlərinin qalibi olan İrlandiya badmintonçusu Conatan Dolanla qarşılaşıb. Ezmi rəqibinə 0:2 (17-21,16-21) hesabı ilə uduzub.