Bağçada adı qeydə alınmayan uşaqların ərzaq məhsullarının mənimsənilməsinə
görə cinayət işi açıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğunun məlumatında
deyilir.
Xəbərə görə, Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında yol verilmiş
qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda
araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq
məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq
məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi,
eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə
bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törədilməsinə
əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4
(qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla
mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.