Bu gün ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə
məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə
yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçirilir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, prosesin test mərhələsi respublikanın müxtəlif şəhər və
rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur. Ümumilikdə prosesdə 13
000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Namizədlər 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər. 120 dəqiqə
ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq,
özünüinkişaf mövzularını əhatə edən sualları cavablandırılır. Qiymətləndirilmə
zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar
və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün
cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq
edilir.