Bağda bacısı ilə birgə tutduğu qonşusunun atasını bıçaqlayan şəxsin cəzası
azaldıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə Apellyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Səxavət
Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə
iclası yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət qismən təmin edilib, Gəncə
Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Onun 4 il müddətinə
azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.
İttihama görə, 25 mart 2023-cü tarixdə, saat 4 radələrində Göygöl rayonu
ərazisində qeydə alınıb.
Belə ki, Səxavət Əsgərov onlarla bir yerdə yaşayan, nikahı pozulmuş bacısı
Nəzrin Əsgərovanı (şərti) qonşusu Namiq Babayevlə (şərti) gecə saatlarında
yaşadıqları evin həyətyanı sahəsində qucaqlaşarkən görüb. O, həmin şəxslərin
arasında sevgi münasibətləri olmasından şübhələnib. Bu zaman Səxavət onlara
yaxınlaşıb. Lakin bacısı ilə Namiq oradan qaçıblar. Təqsirləndirilən şəxs də
Namiqin arxası ilə gedib. O, Namiqin evinə daxil olduğunu görüb. Daha sonra
Səxavət qonşusunu çağırıb. Bu zaman həyətə Namiqin atası, zərərçəkmiş Həsən
Babayev gəlib. Səxavət ona oğlunun bacısı ilə münasibətdə olmasını, Namiqin
namussuzluq etdiyini bildirib. Zərərçəkmiş şəxs isə oğlunu müdafiə edərək ona
ağır ifadələr işlətməməsini söyləyib və onların arasında mübahisə yaranıb. Bu
zamanı Səxavət özü ilə gətirdiyi mətbəx bıçağı ilə Həsənin sinə nahiyəsinə bir
neçə dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
Daha sonra Səxavət Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb və
barəsində həbs qətimkan tədbiri seçilib.