Bağdadda “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının ərəb dilində
təqdimatı keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi və İraq-Azərbaycan Dostluq
Cəmiyyətinin təşkilatçılığı ilə Bağdad şəhərində Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən çap edilən “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” və həmçinin
“Qarabağ-hərbi və siyasi qələbə” adlı kitabların ərəb dilində təqdimatı
keçirilib.
Tədbiri açan səfir Nəsir Məmmədov ötən ilin aprel ayında Bağdad şəhərində
İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Moataz M.Əbdülhəmidin
müəllifi olduğu “Qarabağ münaqişəsinin tarixi” adlı kitabın təqdimatının
keçirildiyini və bu kitabın davamı olan, yeni nəşr edilmiş “Qarabağ-hərbi və
siyasi qələbə” adlı kitabın İkinci Qarabağ müharibəsi və sonrakı dövrü əhatə
etdiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən Nəsir Məmmədov
münaqişənin tarixi, ulu öndər Heydər Əliyevin Qarabağ probleminin həlli
istiqamətində qurduğu strategiya və ordu quruculuğu sahəsində aparılan işlərdin
danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz qələbə əldə edib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çap edilən “Vətən Müharibəsi Tarixi,
Şəxsiyyət Faktoru” kitabı barədə danışan səfir nəşrdə Azərbaycan tarixinin ən
şanlı səhifələrindən biri olan Vətən müharibəsinin bütün mərhələləri və
qazanılmış şanlı qələbənin müəlliflər tərəfindən ətraflı araşdırıldığını,
həmçinin Birinci Qarabağ müharibəsi, ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki
fəaliyyətinin, Milli Ordu quruculuğunun, Prezident İlham Əliyevin qələbə
strategiyasının əsas istiqamətlərinin təhlil edildiyini diqqətə çatdırıb.
Daha sonra, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Moataz
M.Əbdülhəmid ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi, 30 ilə
yaxın qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki qanunsuz
fəaliyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi barədə geniş
məlumat verib.
Əl-Müstənsiriyyə Universitetinin professoru Fatimə Səlumi bu kitabların elmi
tədqiqat aparmasında mənbə kimi istifadə ediləcəyini, eyni zamanda, kitablardan
universitetin kitabxanasına da verilməsinin vacibliyini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən
siyasəti nəticəsində əldə edilmiş qələbənin vacibliyi, azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı quruculuq-bərpa işləri, eləcə də, İraqda Azərbaycanın
şanlı qələbəsinin böyük sevinclə qarşılandığı barədə çıxışlar edilib.
Təqdimat mərasimində İraqın baş nazirinin enerji məsələləri üzrə müşaviri
Fəlah əl-Amiri, İraq Mədəniyyət Forumunun prezidenti Sadiq əl-Camal, Bağdad və
Əl-Müstənsiriyyə universitetlərinin professorları, yerli araşdırma
mərkəzlərinin rəhbərləri və tədqiqatçılar, siyasətçilər, ziyalılar və media
mənsubları iştirak ediblər.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 6 dildə çap edilən “Vətən
Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının Azərbaycan və türk dillərinə
təqdimatı cari ilin iyununda Kərkük şəhərində keçirilib və hazırda kitabın Çin
dilində nəşri hazırlanır.