Azərbaycan dünyaya sülh çağırışı edən ölkədir, çünki özü münaqişələrə, terrora məruz qalıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri millət vəkili Bahar Muradova “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, tolerant mühit Azərbaycanın əldə etdiyi nailiyyət deyil, bizim həyat tərzimizdir:
“İslam ölkələri içərisində ilk dəfə demokratik cümhuriyyət quran yeganə dövlət Azərbaycandır. Dövlətimiz etnik mənsubiyyətindən, dini inancından, siyasi dünyagörüşündən asılı olmayaraq, vətəndaşının bərabər hüquqlarla təmin olunması istiqamətində ilk addım atıb. Bu, bütün dünyanın, bütün demokratik cəmiyyəti hədəf götürən insanlığın nailiyyətidir.
Bu gün dinlər və konfessiyalar arasında, xalqlar və dinlər arasında harmoniyanı əldə etmək üçün qarşılıqlı əməkdaşlıq əldə etmək üçün hər kəs digər dinə məxsus şəxslərlə müsbət münasibətlər yaratmalı və bunu qoruyub saxlamalıdır. Bu tədbir bunun bariz nümunəsidir.
Azərbaycan əməkdaşlıq, dialoq məkanıdır. Ölkəmiz özü zaman-zaman münaqişələrə, terrora məruz qalsa da, dünya ölkələrini daim sülhə çağırıb. Biz bu çağırışı dini, siyasi, iqtisadi, mədəni əlaqələrimizdən, imkanlarımızdan faydalanaraq, təhlükəsiz bir dünyanın yaranmasına xidmət etmək üçün edirik.
Hüquqi dövlətin əsas işi isə tərəqqiyə və sosial-iqtisadi inkişafa gətirib çıxaran cəmiyyət qurmaq və bu cəmiyyətin mərkəzi fiquru olan insanın rifahını təmin etməkdir.
Bu məqsədlərin içərisində dini və etnik, mədəniyyətlərarası dialoqun əməkdaşlığa keçidi çox vacibdir. Ən əsası, ölkəmizin BMT-yə üzv olarkən üzərinə götürdükləri öhdəliklərə, hüquq və azadlıqlarını qoruyaraq cəmiyyət qurmaq və insanların hüquqlara əlçatanlığını təmin etmək öhdəliyini yerinə yetirməkdir”.
Könül Cəfərli