Mayın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birgə aksiyası keçirilib.
Oftalmoloqlar, anestezioloqlar, həkim-rezidentlər, tibb bacıları və mərkəzin texniki heyətindən ibarət səyyar briqada Bakı hava limanının işçilərini müayinə edib.
Belə aksiyalar mütəmadi xarakter daşıyır və Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində həyata keçirilən layihələrin tərkib hissəsidir.
Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası 2005-ci ildə yaradılıb. Mərkəzin səyyar klinikası ötən dövr ərzində ölkənin bir çox şəhər və rayonlarında vətəndaşların müayinə və müalicəsini həyata keçirib. 26 mindən çox müayinə, 3000-ə yaxın xəstədə cərrahi əməliyyat icra olunub.