Bakı apteklərindən birinin satıcısı üçün gecə növbəsi ürəktutması ilə nəticələnə bilərdi, görünür, Allahın ona yazlığı gəlib. Tükürpədən hadisənin şahidlərindən biri də 34 yaşlı Turan Cəlaləddinovdur.
ÇıxışYolu.Com-a bu barədə Nizami Rayon Polis İdarəsindən xəbər veriblər.
İyulun 25-də, gecə satıcı aptekdəki işinin başındaymış. Bu zaman Keşlə qəsəbəsindəki Sabir küçəsində yerləşən əczaxanaya bir kişi və yeniyetmə uşaq daxil olub. Sonra naməlum kişi əynindəki futbolkanın altından tapançaya oxşar bir əşya çıxarıb və onu yanındakı oğlana verib. Həmin an Cəlaləddinova elə gəlib ki, naməlum adam silahlı hücuma hazırlaşır. Amma tapançanı oğlana verdikdən sonra kişi oğlanı aptekdən çıxarır, özü də dərman alandan sonra onun arxasınca gedir.
Aptek işçisi hadisə barədə dərhal polisə məlumat verib. Araşdırma nəticəsində 23-cü polis bölməsinin əməkdaşları şübhəli şəxsi saxlayıblar. Bu, 38 yaşlı Bakı sakini Rəhman Şahzadə oğlu Xıdırovdur.
Saxlanılan şəxs bildirib ki, əczaçının tapança zənn etdiyi əslində adi alışqan olub. Onun sözlərinə görə, alışqanı oğlana verib ki, onu küçədə saxladığı maşına aparsın. Amma saxlanılan şəxslə bağlı aparılan araşdırmalar müsbət nəticə verib. Xıdırovda pnevmatik tapançanın olduğu aşkarlanaraq götürülüb.
Hazırda hüquq-mühafizə orqanları Xıdırovun tapançadan nə üçün və hansı vəziyyətlərdə yararlandığını araşdırırlar.
Ramella İbrahimxəlilova