Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı
olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers”
şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq
Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Şərq-Qərb” nəşriyyat evinin baş redaktoru Nərgiz
Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Xalq yazıçısı
Elmira Axundova kitab haqqında ətraflı məlumat verib: “Leyla xanımın kitabları
zövqlü, fəlsəfi və dərin mənalı kitablardır. Burada fərqli cəhət var. Kitabda
Leyla xanımın şeirləri yer alıb. Leyla xanım öz üzərinə böyük məsuliyyət
götürüb. O, dahi babası və atası kimi Azərbaycan üçün böyük işlər görür. Leyla
xanım çox istedadlı və yaradıcı insandır”.
Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi
rəsmlər barədə danışıb. Bildirib ki, hər yaradıcı insanın rəsmlərində öz səsi
var. “O səsi Leyla Əliyevanın əsərlərində hiss etmək olar. O, rəsmlərində iki
minimal rənglərdən istifadə edir və onların vasitəsilə tamaşaçıya öz fikrini
çatdırır”, – deyə A.Hüseynov qeyd edib.
“Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova qeyd edib ki, kitabın
adının “Sevgi” olması heç də təsadüfi deyil: “Çünki Leyla Əliyeva yaratdığı hər
bir şeyə öz sevgisini qatır. Nəşrdə, həmçinin Leyla xanımın şəxsən özü
hazırladığı şirniyyatların reseptləri yer alıb”.
Təqdimatda, eyni zamanda, Leyla Əliyevanın rəsm əsərlərindən ibarət olan
kataloq təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Leyla Əliyevanın “Sevgi” kitabında yer alan reseptlərin əsas
xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla
Əliyevanın şeirlərindən parçalarla müşayiət olunub. Bu nəşr Bakı Kitab
Mərkəzinin bilavasitə iştirakı ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub.
“Sevgi” kitabı Azərbaycan, türk, ingilis və rus dillərindədir.