Bakı Forumunun iştirakçıları Ağdam Cümə məscidində namaz qılıblar – YENİLƏNİB
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə
məscidini və Ağdam Dram Teatrının dağıdılmış binasını ziyarət ediblər.
“Report” xəbər verir ki, tədbirin müsəlman ölkələrindən qatılan bəzi
nümayəndələri Cümə məscidində namaz qılıblar.
İşğal dövründə, yəni 2000-ci il mayın 9-da Azərbaycanın ümummilli lideri
Heydər Əliyevə təqdim edilmiş və hazırda məsciddə eksponat kimi nümayiş edilən
Ağdam Cümə məscidinə aid daş parçası əcnəbi qonaqların marağına səbəb olub.
14:02
Ağdam şəhərində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
təşkil olunmuş xüsusi sessiya keçirilib.
“Report” xəbər verir ki, yerli və beynəlxalq nümayəndələrin iştirak etdiyi
sessiya “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”
mövzusuna həsr edilib.
Konfransda minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri
ilə əlaqədar sərgi təşkil olunub.
Bununla bərabər, mina təhlükəsi və bundan mühafizə ilə əlaqədar qısametrajlı
məlumatlandırıcı film nümayiş edilib.
Qonaqları salamlayan Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Azərbaycan
Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev forum iştirakçılarını
30 il işğal altında olan, mədəni və tarixi abidələri məhv edilən qədim
Azərbaycan torpağında – Ağdamda görməkdən şad olduğunu bildirib. Ağdamda
aparılan quruculuq işləri haqqında məlumat verən B.Hacıyev qeyd edib ki,
rayonun Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə 203 ailənin
köçürülməsi nəzərdə tutulur.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə 30 illik işğal ərzində Ağdamın
zəngin mədəni irsi dağıdılıb, talan edilib, oğurlandığını söyləyib. Nazir
müavini vurğulayıb ki, hazırda bura xarabalıqlar şəhəridir, burada 1,5 milyona
yaxın mina basdırılıb.
Sessiyada çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Reymond
Bondin isə Azərbaycan kimi qədim və böyük tarixə malik ölkə üçün mövcud mina
probleminin mənfi imic olduğunu deyib. O qeyd edib ki, forum iştirakçılarının
bəziləri məhz təhlükəsizlik səbəbindən Ağdama səfərdən imtina ediblər. R.Bondin
görülən quruculuq bərpa işlərinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr
maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov isə təqdimatla
çıxış edərək azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı iştirakçıları
məlumatlandırıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar
ərazi yüksək səviyyədə, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə mina
ilə çirkləndirilib. O qeyd edib ki, antiterror əməliyyatlarından sonra Xocalı
və Xankəndi ərazilərində çoxsaylı tələ minalar aşkarlanıb.
Sessiya çərçivəsində həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim
Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun
direktoru ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoronun
məruzələri dinlənilib, mina təhlükəsi və ondan mühafizə yolları haqqında
müzakirələr aparılıb.
12:29
Ağdam şəhərində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
təşkil olunmuş xüsusi sessiya başlayıb.
“Report” xəbər verir ki, yerli və beynəlxalq nümayəndələrin iştirak etdiyi
sessiya “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”
mövzusuna həsr edilib.
11:45
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama
səfəri başlayıb.
“Report” xəbər verir ki, yerli və beynəlxalq nümayəndələr Forum çərçivəsində
Ağdam Konfrans Mərkəzində keçirilən “Minaların və partlamamış hərbi sursatların
mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılıblar.
Sessiyadan sonra iştirakçıların Ağdam Cümə məscidi, Çörək muzeyi, İmarət
Kompleksi, Dram teatrı və xarabalıqlara ziyarəti gözlənilir.
10:31
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
iştirakçılarıının azad olunan ərazilərə səfəri başlayıb.
“Report”un Füzuliyə ezam edilmiş əməkdaşı xəbər verir ki, iştirakçılar forum
çərçivəsində Ağdamda keçiriləcək “Minaların və partlamamış hərbi sursatların
mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılacaqlar.
Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov məruzə ilə
çıxış edəcək.
Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq və digər
qonaqların məruzələri dinləniləcək.