61c5fb95-ab47-4b62-9f3c-57b1fecaccbc.jpg

Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşıb

Baxış sayı: 299 dəfə baxılıb.

COP29 Sədrliyi və “British Council” təşkilatı ilə tərəfdaşlıq çərçivəsində
“İqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsi” (AUNCC) adlı yeni
təşəbbüsə start verilir. Metan emissiyalarının sürətlə azaldılması sahəsində
kardinal dəyişikliyə təkan vermək üçün bir araya gələn aparıcı alimlər,
texnologiya təchizatçıları, sənaye liderləri və hökumət rəsmilərinin əsas
müzakirə mövzusu metan emissiyalarının azaldılmasıdır.

Cixisyolu.com xəbər verir ki, COP29 ərəfəsində 700-dən çox iştirakçının ölkəyə səfər
etməsi, 30-dan çox tədbirin keçirilməsi və elan olunan mühüm yeniliklər qlobal
iqlim fəaliyyəti çərçivəsində Azərbaycanın lider mövqeyini daha da
möhkəmləndirib.

Bildirilib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) COP29 ərəfəsində iddialı
öhdəliklər və innovativ təşəbbüslərlə yekunlaşıb və qlobal iqlim fəaliyyəti
çərçivəsində Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirib. Cari ilin 30
sentyabrından 4 oktyabr tarixinə kimi davam edən bir həftəlik toplantıda
700-dən çox nümayəndənin iştirakı ilə 30-dan çox tədbir keçirilib. Beynəlxalq
iqlim ekspertləri, hökumət rəsmiləri, gənclər və özəl sektor liderlərini bir
araya gətirən bu tədbirlərdə “yaşıl” maliyyə, ədalətli keçid, metan
emissiyalarının azaldılması, su və dayanıqlı qida sistemləri, eləcə də digər
mövzular müzakirə olunub.

Diqqəti cəlb edən əsas məqamlara “Qabaqcıl gündəlik” çərçivəsində ilk müstəqil
kənd təsərrüfatı hesabatının təqdim edilməsi daxildir. Birləşmiş Krallığın
Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi (FCDO) və BMT-nin İqlim üzrə
yüksəksəviyyəli çempionu ilə tərəfdaşlıq çərçivəsində Kənd təsərrüfatında
beynəlxalq elmi araşdırmalar üzrə Məşvərət qrupunun (CGIAR) rəhbərliyi ilə
hazırlanmış bu hesabatda qlobal iqlim məqsədlərini dəstəkləmək üçün kənd
təsərrüfatı sektorunun transformasiyası baxımından tələb olunan mühüm addımlar
təsvir olunub. Hesabat Beynəlxalq Enerji Agentliyi və İqlim üzrə
yüksəksəviyyəli çempionlar tərəfindən bu yaxınlarda dərc edilmiş “Qabaqcıl
gündəlik” hesabatını tamamlayır və qida təhlükəsizliyi, innovasiya, eləcə də
davamlılığı təmin etməklə, kənd təsərrüfatının dekarbonizasiyası üzrə
strategiyaları ön plana çəkir. Sözügedən hesabat kənd təsərrüfatı sənayesində
dayanıqlı təcrübələrin geniş tətbiqi üçün mühüm mənbədir.

Gənclərin də iştirakını təşviq etmək məqsədilə Bakı İqlim Fəaliyyəti Həftəsi
çərçivəsində “İqlim dəyişməsi üzrə universitetlər şəbəkəsi” təşəbbüsünə start
verilib. Bu, gələcək nəslin iqlim həlləri və keçid səylərində fəal rol
oynamasına imkan yaratmaq üçün nəzərdə tutulmuş yeni platformadır.

Gənclərin iqlim fəaliyyətində iştirak etməsinin vacib olduğunu bir daha
vurğulayan “Dayanıqlı gələcək: Gənclərin yaşıl innovasiyaları” tədbiri gənc
sahibkarlara öz “yaşıl” innovasiyalarını potensial investorlara təqdim etmək
üçün platforma yaradıb. Gün ərzində iqlim problemlərinin həllinə yönəlmiş
dayanıqlı ideyalarını təqdim edən gənc liderlərdən ibarət üç komanda uğurlu
layihələrə görə yüksək mükafata layiq görülüb. Beləliklə, Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbir
“yaşıl” innovasiyaların idarə edilməsində Azərbaycan gənclərinin dinamik rolunu
nümayiş etdirib.

İncəsənət, mədəniyyət və iqlim arasındakı əlaqəni vurğulayan Bakı İqlim
Fəaliyyəti Həftəsində tanınmış fotojurnalist Reza Deqati və “The Landmark”
hoteli ilə tərəfdaşlıq çərçivəsində R.Deqatinin Bakı şəhərinin mühüm
transformasiyasını əks etdirən “Caspian Dreams” adlı fotosərgisinə baxış
keçirilib.

Həftə iqlim dəyişməsi, sağlamlıq, rifah və aktiv həyat tərzi arasında əlaqəni
vurğulayan Bakı Bulvarı boyu “Walk the Talk” (“Təbliğ etdiyini tətbiq et”)
iqlim fəaliyyəti yürüşü ilə yekunlaşıb.

Bakı İqlim Fəaliyyəti Həftəsinin uğuru gələn il Rio-de-Janeyro şəhərində oxşar
səylərin həyata keçirilməsinə ilham vermiş oldu. Rio İqlim Fəaliyyəti
Həftəsinin (#RCAW) 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində
keçiriləcək COP30-dan əvvəl həyata keçirilməsinə dair müzakirələr davam edir.

Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes qeyd edib:

“Bakı kimi, Rio-de-Janeyro da daha yaşıl gələcəyin təqdim etdiyi imkanlardan
istifadə etməklə yanaşı, iqlim dəyişməsinə qarşı təcili tədbirlərin vacibliyini
də dərk edir. Mən Bakının təhlükəsiz, dayanıqlı və davamlı gələcəyin
formalaşdırılmasına kömək etmək üçün şəhər, biznes və icmaları bir araya
gətirən Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etmək təşəbbüsünü yüksək
qiymətləndirirəm. Rio şəhəri “yaşıl keçid”i sürətləndirmək və COP29-dan
Braziliyada keçiriləcək COP30-a körpü salmaqda estafeti qardaş Bakı şəhərindən
almağı səbirsizliklə gözləyir”.

Bakı İqlim Fəaliyyət Həftəsində (BCAW) əldə olunan iddialı nəticələr və
əməkdaşlıq əlaqələri Azərbaycanın iqlim fəaliyyətində qlobal lider mövqeyini
bir daha təsdiqləyib.

Beləliklə, BCAW noyabrda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın
ambisiyaları artırması və fəaliyyətə təkan verməsi üçün münbit zəmin yaradıb.

Ətraflı məlumat: https://bakuclimateactionweek.org/en/main

Source link