e20432fc-49f5-460e-88eb-5674abb8f77e..jpg

Bakı-İrəvan: Sülhə hazırlıq hansı mərhələdədir? – TƏHLİL

Baxış sayı: 784 dəfə baxılıb.

Bakı-İrəvan: Sülhə hazırlıq hansı mərhələdədir? – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax-İcevan sərhədində Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının
görüşündən sonra ikitərəfli formatdakı dialoqların ali səviyyəsi aktuallaşır.

Azərbaycan regional riskləri minimum xətdə saxlamaq üçün Ermənistanla vasitəçi
olmadan, ikitərəfli üslubda danışıqları təcili tədbirlər prioritetində saxlayır.

Bu, sülh prosesinin yekun əsaslı təmininə keçid səviyyəsini müəyyənləşdirir,
hərçənd, Ermənistanın məntiqində brokersiz görüş uyğun sayılmır.

Hər halda, ikitərəfli müzakirələri var edib, onu canlı saxlamaq Bakı
tərəfindən irəli sürülən tələbdir. Bu onu göstərir ki, Azərbaycan müxtəlif
kanallar vasitəsilə Ermənistana intensiv şəkildə həmin formatın əhəmiyyətini
çatdırır.

Sülh gündəliyinin tezliyi indi İrəvanın Bakıya verdiyi cavablardan və təqdim
edəcəyi paketlərdən asılıdır.

Bu paketlərin içərisində regional gərginliyə rəvac verməyən elementlər çoxluq
təşkil etsə və Bakının şərtlərinə razılıq əlamətləri üstün səviyyəyə çıxsa,
onda sülh müqaviləsinin layihəsi hazırlanacaq.

Amma cari reallıqda Ermənistanın davranışları onun sülh qıtlığının yaradılması
təşəbbüslərini ortaya qoyur.

Çünki:

1. Ermənistanın niyyətinin motivlərindən asılı olmayaraq, onun Rusiyanın
qılafından çıxıb Qərbin çərçivələrinə söykənmək cəhdi regionun havasını
çirkləndirir. Üstəgəl, bu hərəkət trayektoriyası Azərbaycana qarşı Qərbdə
ucalan səslərin müşayiətində daha gərgin hal alır.

2. Regionda geosiyasi mübarizə Ermənistanın hüquqi müstəqillik subyektini
eroziyaya məruz qoyur və İrəvanın manevr imkanları basdırıldıqca bölgədə
rəqabət daha da şiddətlənir.

3. Ermənistan qeyd etdiyimiz iki bəndin fonunda Azərbaycanla münasibətlərin
ruhuna qeyri-sağlam yanaşmasını saxlayır ki, bu da Bakını mümkün gələcək
təhdidlərdən sığortalanmağa vadar edir.

Azərbaycanın milli və strateji hədəfləri Ermənistan üçün bir çağırış olmadıqca
İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzalanması ləngiyə bilər.

Ləngimənin isə bir həddi var, hələlik yubanma periodunda Bakı
diplomatik-siyasi yollarla Ermənistanın öhdəliklərini gücləndirməyə çalışır.

Bu prosesin strukturunda mürəkkəblik və çətinlik kifayət qədərdir, ancaq həlli
mümkünsüz bir variant da görünmür.

Belə bir varianta Ermənistanı inandırmaq üçün Azərbaycan regionda
təhlükəsizliyi diversifikasiya edir və İrəvanın gələcək proseslərdəki yerini
göstərən çağırışlarını gücləndirir.

Ermənistan öz resurslarını Azərbaycanın sülh kapitalına inteqrasiya etməsə,
onda Bakının səbrinin daşacağını proqnozlaşdırmaq mümkünsüz görünmür.

Nəticə

Ermənistanın ikitərəfli danışıqlara gedib-getməyəcəyi özündən yox, ona
direktivlər verən güclərin qərarlarından asılıdır. Azərbaycan isə Ermənistandan
kənar qüvvələrin əlində alət olmadan mövqe tələb edir.

Aqşin Kərimov

Source link