Bakı Kitab Mərkəzində Mixail Qusmanla görüş olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Kitab Mərkəzində (Baku Book Center) TASS İnformasiya Agentliyinin baş
direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail
Solomonoviç Qusmanla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində
Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) ilə birgə təşkil
olunub.
Tədbirdə mərkəzin direktoru Günel Rzayeva çıxış edərək Bakıdakı oxucuların
sonuncu dəfə Mixail Qusmanla görüşünün üç il əvvəl, pandemiyadan əvvəl Bakı
Kitab Mərkəzində keçirildiyini bildirib, məşhur jurnalistlə bu məkanda yenidən
görüşməkdən məmnunluğunu ifadə edib.
Mixail Qusman Bakıda keçirdiyi uşaqlıq illərindən, peşə fəaliyyətindən
danışıb, jurnalistika və ədəbiyyat sahəsindəki təcrübəsindən söz açıb.
“Mən bir çox şəhərləri sevirəm, amma Bakının ürəyimdə xüsusi yeri var. Bakılı
ola bilməzsən, bakılı doğula bilərsən. Burada özümü psixoloji cəhətdən yaxşı
hiss edirəm. Mənim üçün Bakıda olmağım heç nə ilə müqayisə edilə bilməz. Bu,
yediyin təamın özünəməxsus dadıdır, xüsusi qavrayış tələb edir, Bakı bulvarında
gəzməyin bəxş etdiyi həzdir…”, – deyə Mixail Qusman qeyd edib.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, ölkə ziyalıları və
ictimaiyyətinin nümayəndələri, paytaxt universitetlərinin müəllimləri,
tələbələri iştirak ediblər.
Sonra görüş açıq söhbət formatında davam edib.