Bakı Media Mərkəzi səyahət verilişi hazırlayır

Bakı Media Mərkəzi səyahət verilişi hazırlayır

Baxış sayı: 3. 375 dəfə baxılıb.

Bakı Media Mərkəzi dünyanın ən məşhur şəhərlərindən bəhs edən səyahət verilişinin çəkilişlərinə başlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görünən və görünməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir. 

Tamaşaçılara artıq tanış olan – “Oralar” adı altında efirə gedəcək veriliş hər bazar ATV kanalında, saat 12:00-da yayımlanacaq.

Layihəyə peşəkar komanda cəlb olunub və çəkilişlər ən müasir avadanlıqla aparılır.

“Oralar”ın yenilənmiş formatına görə, verilişin üç aparıcısı olacaq və onlar getdikləri şəhərlərə üç fərqli bucaqdan baxacaqlar. 

Populyar bloqer Turanə Hüseynlini qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanları maraqlandırır, teleaparıcı Azər Qərib şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turizm məkanlarını göstərir, tanınmış idman jurnalisti Rüstəm Əfsərli isə turistlərin görmədikləri, bilmədikləri yerlərdə olacaq, büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərəcək. 

“Oralar”ın ilk buraxılışı Xorvatiyanın paytaxtı Zaqreb şəhəri barədədir və veriliş 8 aprel – bazar günü saat 12:00-da ATV kanalında yayımlanacaq. Tamaşaçılar verilişi, həmçinin “Oralar”ın “Facebook” səhifəsində və “Youtube” kanalında da izləyə biləcəklər. 

Qeyd edək ki,Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, “Facebook”, “Youtube”, “LinkedIn”, “İnstagram” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür. 

www.ÇıxışYolu.Com