Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Uzun illərdir media sektorunda böyük və yaddaqalan layihələrə imza atan Bakı
Media Mərkəzi hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində
çalışır. Bu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən
“Himayədar” filmidir. Filmdə, həmçinin, XIX əsrin sonu XX əsrin əvvəlində Bakı
və bölgədə baş verən mühüm tarixi hadisələr öz əksini tapır.
Cixisyolu.com xəbər verir ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu
ekran işinin çəkilişləri may ayında başlayıb və 120 çəkiliş gününün artıq 90-ı
yekunlaşıb. Film ümumilikdə səkkiz seriyadan ibarət olacaq. Sözügedən layihənin
kütləvi səhnələri üçün 1 600 nəfər cəlb edilib, bundan başqa, 70-dən çox
məkanda çəkiliş aparılıb və 300-dən çox “abidə” tikilib.
Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri və
prodüseri Bakı Media Mərkəzinin prezidentiArzu Əliyevadır.
Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə
tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. Ekran
işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağı
gözlənilir.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların
istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin
işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”,
“Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir Günəş
altında”, “BİZ”, “Şuşa, sən azadsan!” və digər filmlər yer alır.