Bakı metrosundakı faciədən 28 il ötür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 28 il ötür.
Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları
arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.
Cixisyolu.com xatırladır ki, ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa,
qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının
yetərsizliyi ilə bağlı olub. Elə qəzanın əsas səbəbi kimi də köhnə
avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar
verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib.
Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin
terror aktı olduğunu istisna edib.
Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə
saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar.
Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq
altında qalaraq ölüblər.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv
sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan
qatarın maşinisti və dispetçerə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası
verilib.
Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar
fəlakəti hesab olunur.
Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub.