Bakı metrosunun bir stansiyasında iş rejimi gücləndiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın kişilərdən ibarət milli futbol komandasının 2024-cü il UEFA
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar
axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi
dəyişikliklər olacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika
stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik”
stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və
“Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.
“Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat
planına uyğun olaraq, oyun ərəfəsində sərnişinlərin səmti rahatlıqla müəyyən
edərək arenaya yollanması məqsədilə xüsusi tərtib olunmuş növbətçilik cədvəli
əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə
uyğun tənzimlənəcək. Lakin oyunla əlaqədar qrafik nəzərə alınmaqla müvafiq
tənzimləmə mexanizmləri diqqətdə saxlanılacaq. Ehtiyac yaranacağı təqdirdə
ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin, oyun bitdikdən sonra da
sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılması üçün ehtiyat
qatarlar hazır vəziyyətə gətiriləcək. Bununla əlaqədar qatarların hərəkət
cədvəli daha da intensivləşdirilməklə stansiyadan keçən qatarlar üçün xüsusi
cədvəl əsasında interval azaldılacaq”, – deyə məlumatda bildirilir.